
ABŞ Prezidenti Donald Tramp 2027-ci il üçün müdafiə büdcəsinin 1,5 trilyon dollar olmalı olduğunu bildirərək “Bu, uzun müddətdir haqq etdiyimiz, xəyalımızdakı ordunu qurmağımıza imkan verəcək və düşmənimizin kim olmasından asılı olmayaraq təhlükəsizliyimizi təmin edəcək” deyib.
Tramp Truth Social hesabında paylaşdığı açıqlamada Amerika ordusunun büdcəsi ilə bağlı fikirlərini bölüşüb.
Açıqlamasında Tramp “Senatorlar, Konqres üzvləri və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra, xüsusilə bu son dərəcə qarışıq və təhlükəli dövrlərdə ölkəmizin mənafeyi naminə 2027-ci il hərbi büdcəmizin 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olması gərəkdiyinə qərar verdim” deyə qeyd edib.
Tramp büdcə fərqinin gömrük rüsumlarından əldə ediləcək gəlirlər hesabına qarşılanacağını iddia edərək “Bu, uzun zamandır haqq etdiyimiz xəyalımızdakı ordunu qurmağımıza imkan verəcək və düşmənimizin kim olmasından asılı olmayaraq bizi güvənli edəcək” deyə bildirib.
O, bu səviyyədə müdafiə büdcəsinə çatacaqları təqdirdə misilsiz bir hərbi güc yarada biləcəklərini də vurğulayıb.
Dünyada ən yüksək müdafiə xərclərinə malik ölkə olan ABŞ 2026-cı maliyyə ili üçün 901 milyard dollarlıq müdafiə büdcəsini artıq təsdiqləmişdi.