Bakı, 8 yanvar, AZƏRTAC
Su ehtiyatlarının idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi əsas istiqamətlərdəndir. CİS əsaslı vahid elektron xəritə sistemi təkmilləşdirilir, “Elektron Su Təsərrüfatı” informasiya sistemi yenidən işlənir. Peyk təsvirləri əsasında ölkə üzrə su mənbələrinin rəqəmsallaşdırılması aparılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, eyni zamanda, DATUM platforması vasitəsilə su ehtiyatlarının uçotu həyata keçirilir.
SCADA sistemləri ilə suvarma və içməli su xətlərinə nəzarət edilir, bütün məlumatlar onlayn izlənilir. Su və su təsərrüfatı obyektləri barədə məlumatların CİS-ə inteqrasiyası mütəmadi olaraq icra edilir. Hidroqovşaqlar, artezian və subartezianlar CİS-ə inteqrasiya edilib. İçməli su və kanalizasiya sistemlərinə dair məlumatların elektronlaşdırılması istiqamətində işlər davam etdirilir. Həmçinin məlumat bazasına daxil edilən bütün növ su və su təsərrüfatı obyektlərinin veb xəritələri hazırlanır.
Qeyd edilib ki, ADSEA SCADA, Elektron Su Portalı və rəqəmsal su balansı sistemlərini tətbiq edir. Bu texnologiyalar su səviyyəsini real vaxtda izləməyə, sızıntıları tez aşkarlamağa və idarəetmə qərarlarını optimallaşdırmağa imkan verir.