"Bir vəzifəli şəxs hər kəsə necə nəzarət edə bilər? İki qardaşım da 1980-ci illərdən İmişlidən anamın aldığı borc pulla Rusiyaya gediblər. Üç-beş ildə bir dəfə Azərbaycana gəliblər, ya gəlməyiblər... Rusiya vətəndaşıdırlar. Övladları da orda doğulub, böyüyüblər. Üzlərini üç-beş ildə bir dəfə görmüşəm. Öz həyatları, biznesləri var, hansı zülmlərlə qazanıblar. Allah şahiddir ki, nələri var, heç bilmirəm. Bilmək marağım da olmayıb. Qardaşımın oğlu atasının pulu ilə özünə toy etməyib, öz pulu ilə edib. Oxuyub, çalışıb, uşaqlığından indiyə qədər atasının yanında bizneslə məşğuldur. Yaxşı yerdən də evlənib. Ailə də kifayət qədər imkanlı ailədir. Özləri yaşayıb qazanıblar, bunun mənə nə aidiyyatı var? Toyun dəbdəbəli keçdiyini deyirlər. Başa düşmürəm, toyda Cenifer Lopez oxuyurdu? Taylor Svift gəlmişdi? "Dəbdəbə" deyəndə 300-400 adam iştirak etməli idi. Əlli nəfərlik toy, bəyin dostları və qardaşımın tanıdığı insanlar. Saat 22:00-da toy başa çatıb. Atəşfəşanlığı göstərirlərsə, hər gün müxtəlif yerlərdə Azərbaycanda da atəşfəşanlıqdan qulaq tutulur. Cəmi iki müğənni olub. Azərbaycanın ən zəif toyunda onlarla müğənni gəlib oxuyur. Burada şişirdiləsi və mənə bağlanası məsələ yoxdur. Ağlım qardaşımdan yaxşı olsaydı, indi mənim də yaxşı biznesim olardı. Əvvəldən biznes bacarsaydım, siyasətə gəlməzdim, qulağım da sakit olardı. Qardaşım tikinti maqnatı deyil. İki-üç mərtəbəli mağaza tikib. İnanmıram ki, qardaşımın, yaxud onun oğlunun üç mərtəbədən artıq nəyisə ola bilər. Araşdırsanız, banklara böyük məbləğdə borcları var. Qardaşımla münasibətlərim siyasi mənada isti olmayıb. Mən həmişə müxalifətdə olmuşam. Buna görə mənə münasibətləri soyuq olub. Qardaşım Hasil fanat dərəcəsində Heydər Əliyevçi olub. Yazırlar ki, tender udublar. Qardaşlarım bir manat da Azərbaycanda tender udmayıblar. Mənim də Rusiyada biznesim yoxdur...”
Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev "Müsavat TV"yə müsahibəsində qardaşı Hasil Nurullayevin Dubayda oğluna dəbdəbəli toy etməsinin gündəm yaratmasından danışarkən deyib.
O, parlamentdə dəbdəbəli toylarla bağlı çıxışının gündəmə gətirilməsindən də danışıb: “Bu gün də dəbdəbəli toylara qarşıyam. Qardaşımın dəbdəbəli toy etdiyini düşünmürəm. Bu gün Azərbaycan toylarında onlarla çeşid kabablar, yeməklər olur. Demirəm ki, kimsə övladına toy etməsin. Mən israfçılığın əleyhinəyəm. Masaya qoyulan yeməklərin 80 faizi yeyilmədən atılır. Səsin təzyiqi də az qala qulaqları deşir. Mən insanların qulağını batırsam, israfçılıq etsəm, belə hallara yol versəm, məni qınamağa haqları var”.
Aytəkin Qardaşova