AZ

Almaniyada fövqəladə vəziyyət: paytaxt İFLİC OLUNUB

Ajans.az xəbər verir ki,adisə Almaniyada müşahidə olunan sərt qış şəraiti və gecələr sıfırdan aşağı düşən temperatur fonunda baş verib. Yanğın 3 yanvar şənbə günü səhər saatlarında qeydə alınıb. Nəticədə təxminən 40 min ev təsərrüfatı və 2200-dən çox müəssisə elektriksiz qalıb. Elektrik enerjisinin kəsilməsi bir çox evdə internet, mobil rabitə, isti su və istilik sistemlərinin də fəaliyyətinin dayanmasına səbəb olub. Şənbə gününün sonuna qədər yalnız 7 minə yaxın sakinin elektrik təchizatı bərpa edilib. Şəhər hakimiyyəti vəziyyətlə əlaqədar isitmə məntəqələri, gecələmə üçün müvəqqəti sığınacaqlar və telefonların doldurulması üçün xüsusi nöqtələr yaradıb. Sakinlərə imkan daxilində qohumlarının, dostlarının yanında və ya hotellərdə qalmaq tövsiyə olunub. Bəzi hotellər elektrik kəsintisi dövründə otaqları endirimli qiymətlərlə təklif edib. Berlin şəhər rəhbərliyi fövqəladə vəziyyət elan edərək federal qurumlardan, humanitar təşkilatlardan və digər strukturlardan yardım istəmək səlahiyyəti əldə edib. Hadisədən iki gün sonra hələ də təxminən 25 min ev təsərrüfatı və 1700 müəssisə elektriksiz qalıb, 3 minə yaxın mənzil isə istilik sistemindən məhrumdur. Elektrik kəsilməsindən təsirlənən ərazilərdə məktəblər və uşaq bağçaları bağlanıb, iki şəhərətrafı dəmir yolu xəttində hərəkət müvəqqəti dayandırılıb. Hakimiyyət orqanları elektrik enerjisinin 8 yanvar tarixində tam bərpa ediləcəyini bildiriblər. Hadisədən sonra polisə “Vulkan” adlanan fəal qrupdan məktub daxil olub. Məktubda yanğınla bağlı məsuliyyətin üzərlərinə götürüldüyü qeyd olunub. Hüquq-mühafizə orqanları məktubun həqiqiliyini təsdiqləyib və hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Berlin meri Kay Veqner baş verənlərə münasibət bildirərək qeyd edib ki, hadisə xüsusilə yaşlı insanlar və azyaşlı uşaqları olan ailələr üçün ciddi risk yaradıb. Qeyd edək ki, Berlin şəhərində enerji infrastrukturuna ziyan vuran bu tip hadisələr əvvəllər də qeydə alınıb, lakin adətən daha məhdud əraziləri əhatə edib və qısa müddətdə aradan qaldırılıb. Cari hadisə isə miqyası və nəticələri baxımından son illərin ən ciddi insidentlərindən biri hesab olunur.

 

Seçilən
96
Ajans.az

1Mənbələr