Qustavo Petro ABŞ prezidenti ilə narkotiklərlə bağlı vəziyyəti və iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə edib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki paylaşımında Kolumbiya prezidenti Qustavo Petronun ona zəng edərək narkotiklərlə bağlı vəziyyəti müzakirə etdiyini bildirib. Ağ Evin rəhbərinin sözlərinə görə, telefon danışığı iki ölkə arasında yaranmış bir sıra məsələlərin aydınlaşdırılmasına həsr olunub.
Tramp qeyd edib ki, Kolumbiya prezidentinin zəngini yüksək qiymətləndirib və bu söhbət onun üçün böyük şərəf olub. O vurğulayıb ki, Petro narkotiklərin istehsalı və dövriyyəsi ilə bağlı mövcud vəziyyəti, eləcə də ABŞ ilə Kolumbiya arasında son dövrdə yaranmış digər fikir ayrılıqlarını izah etmək məqsədilə onunla əlaqə saxlayıb.
ABŞ prezidenti əlavə edib ki, tərəflər arasında dialoqun davam etdirilməsi vacibdir və o, gələcəkdə Kolumbiya prezidenti ilə şəxsi görüşü səbirsizliklə gözləyir. Trampın sözlərinə görə, bu görüş iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Hazırda dövlət katibi Marko Rubio ilə Kolumbiyanın xarici işlər naziri arasında hazırlıq işləri aparılır. Görüş Vaşinqtonda, Ağ Evdə keçiriləcək”, deyə Donald Tramp bildirib.
Poliqon.info