2026-cı il yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalar və media nümayəndələri ilə geniş müsahibə verdi. Bu müsahibə ötən ilin nəticələrinin qiymətləndirilməsi, qarşıda duran məqsəd və vəzifələrin dəqiq şəkildə müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Müsahibə əhatəli mahiyyəti ilə yalnız siyasi gündəmi deyil, həm də ölkənin sosial-iqtisadi inkişaf strategiyasını müəyyən edən əsas prioritetləri özündə birləşdirir.
Prezident İlham Əliyev çıxışında 2025-ci ili Azərbaycan üçün tarixi bir mərhələ kimi xarakterizə etdi. O qeyd etdi ki, Azərbaycan-Ermənistan konfliktinin siyasi nəticəsi olaraq müharibənin siyasi səviyyədə bitməsi ölkədə uzunmüddətli sülh və sabitliyin bünövrəsini yaratdı. Bu, yalnız hərbi qələbə deyil, həm də beynəlxalq səviyyədə tanınan siyasi reallıqdır ki, Azərbaycanın gələcək iqtisadi inkişafı üçün geniş imkanlar açır.