AZ

Rusiya Ukrayna müharibəsinin aqibəti: Bəlkə, 2027 ci ildə hansısa dəyişikliklər oldu

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Parisdə keçirilən "İstəklilər koalisiyası" sammiti bəyannamə qəbul edib. Bəyannamə layihəsində ABŞ-nin müəyyən öhdəlikləri əks olunub. Belə ki, Rusiya tərəfindən mümkün hücum baş verərsə, ABŞ koalisiyanın Avropa qüvvələrinə dəstək göstərə bilər. Sənəddə qeyd olunur ki, Ukraynada atəşkəs rejimi qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sisteminin işə salınması nəzərdə tutulur. Layihəyə əsasən, atəşkəsin monitorinqi Qərb tərəfdaşları və "İstəklilər koalisiyası" ölkələrinin iştirakı ilə həyata keçiriləcək. Eyni zamanda, mümkün pozuntulara cavab tədbirlərinin müəyyənləşdirilməsi üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır. Bununla yanaşı, müharibənin bitməsindən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə də razılığa gəlinib. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna Silahlı Qüvvələri mümkün Rusiya təcavüzünə qarşı ilk maneə olacaq. Onun sözlərinə görə, müharibə bitəndən sonra Ukrayna ordusunun sayı 700 000 nəfər olacaq və Qərb tərəfdaşları ona dəstək verməyə söz veriblər. Bu mexanizmləri isə ABŞ təmin edəcək.

Mövzu ilə bağlı Oxu.Az-a danışan ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, müharibənin bu il bitməyəcəyi ehtimalının əsas baiskarı ilk növbədə Rusiyadır:

"Çünki Rusiya qarşısına sülh deyil, Ukrayna ərazilərini zəbt etməyi məqsəd qoyub. "İstəklilər koalisiyası", bu baxımdan, daha tez və məqbul qərarların Ukraynanın xeyrinə qəbul edilməsi üçün yaradılıb. Əgər Avropa İttifaqı, NATO və ya BMT-dən danışırıqsa, bu qurumların qərar qəbuletmə prosesi çox bürokratik və arxaikdir. NATO-da, məsələn, tam konsensus olmalıdır. Biz yaxşı bilirik ki, Ukrayna ilə bağlı bir çox qərarlar NATO-da Macarıstan və Slovakiya kimi ölkələr tərəfindən bloklanır. Bu isə Ukrayna üçün mühüm qərarların pozulması deməkdir".

"İstəklilər koalisiyası"nda isə tam konsensusa ehtiyac yoxdur. Məhz buna görə bu, qeyri-rəsmi struktur olsa da, Ukraynanın dəstəklənməsi ilə bağlı daha çevik və vaxtında qərarlar qəbul edə bilir. Bu görüş çərçivəsində Ukraynanın gələcək təhlükəsizlik konsepsiyasının formalaşması istiqamətində ilkin mərhələdə cəbhə xəttində atəşə nəzarət, müşahidə missiyasının yerləşdirilməsi kimi qərarlar qəbul edilib. Bu cür qərarlar BMT və digər formal qurumlardan qat-qat tez qəbul olunur. Amma yenə də hər şey gəlib ona dayanır ki, birincisi, Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətləri - atəşə nəzarət, xarici kontingentin Ukrayna ərazisində olması və s. Rusiya üçün qəbuledilməzdir. Rusiya həmişə Ukrayna ərazisində xarici kontingentin olmasına qarşı çıxacaq.

İkincisi, Rusiya özü sülhü istəmir. Ona görə də bu görüş Ukraynanın gələcək təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan addımlardan biridir. Bu, gələcəkdə Ukraynanın təhlükəsizliyini təmin edəcək divarın bir kərpicidir. Amma bu, gələcəkdə istifadə ediləcək bazanın hazırlanması baxımından başlanğıcdır. O zaman ki Rusiya iqtisadi, resurs və hərbi baxımdan tükənəcək, onda sülh müqaviləsi imzalamağa razı olacaq. Hətta kapitulyasiya etməsə belə, sülhə gəlməyə məcbur olacaq. O an üçün artıq hüquqi baza hazır olacaq. Məhz bunun üzərində indi iş aparılır", - analitik vurğulayıb.

Müsahibimiz əlavə edib ki, sadalananlar bu il baş verməyəcək:

"Bəlkə, 2027-ci ildə Rusiyanın tükənməsi fonunda hansısa dəyişikliklər oldu. Amma dəqiq nəsə demək üçün yalnız 2026-cı ilin gedişatını izləmək mümkündür. Hazırda atəşkəsin əldə olunması, sülhün bərpası real deyil. Ona görə də diplomatik fəaliyyət uzunmüddətli gələcək perspektivə yönəlib".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
oxu.az

1Mənbələr