AZ

Tramp Maduronu həbs etməklə Putinin də əl-qolunu bağlayır - Moskva Yaxın şərqdən sonra Cənubi Amerikanı da itirir

Bu ilin yanvarın 3-nə keçən gecə ABŞ ordusu Venesuelada 4 saatlıq hərbi əməliyyat keçirərək, ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşını öz iqamətgahında həbs edib və ardınca onları Amerikaya qaçırmağı bacarıb. Bundan sonra Maduronun Nyu-York küçələrində həyat yoldaşı ilə birlikdə qolları qandallı şəkildə məhkəməyə aparılmasının görüntüləri yayıldı. Bu əslində Maduronun həbs edilməmişdən əvvəl ABŞ Prezidenti Donald Trampın ona qarşı edilən çağırışlarını qulaqardına vurmasının cavabı idi. Əslində onun həbsi Rusiyanın da nüfuzuna vurulmuş ən ağır zərbə oldu. Çünki Moskva uzun müddətdir Karakas ilə əməkdaşlığa başlayaraq birlikdə bir çox layihələrə imza atıblar. Bundan əlavə Rusiya Prezidenti Vladimir Putinin də Maduro ilə dostluq münasibətləri var idi və Venesuela Prezidentinin həbs edilərək Amerikaya aparılması Kreml rəhbərinin də imicinə vurulmuş ən böyük zərbə oldu.Maduronun həbsi bir daha göstərdi ki, Putin müttəfiqlərini qoruya bilmir. Bundan əvvəl Suriyada Prezident Bəşər Əsədin devrilməsi və son anda ölkədən qaçaraq Moskvaya sığınması, o cümlədən 44 günlük müharibədən sonra Xankəndiyə Moskvanın göstərişi ilə göndərilmiş Ruben Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi də bir daha sübut etdi ki, Rusiya və şəxsən Vladimir Putin öz dostlarının təhlükəsizliyini qoruya bilmir və bu hadisələr onun imicini yerlə yeksan etdi. Hətta Azərbaycan ordusunun 2023-cü ildə Qarabağda keçirdiyi antiterror əməliyyatı da Rusiyanın regiondakı geosiyası mövqelərini xeyli zəiflətdi.Onu da qeyd edək ki, Yaxın Şərqdə mövqelərinin itirilməsindən sonra, Latın Amerikasında da Moskvanın mövqeləri zəiflədiləcək. Çünki Rusiya ilə Venesuela arasında iqtisadi və ticarət əlaqələri mövcuddur. Bundan əlavə hər iki ölkə bir sıra neft proyektlərində də yaxından iştirak edirlər. Rusiya Venesuala vasitəsilə qitəyə nüfuz etməyə və burada özünün təsir dairəsini genişləndirməyə can atırdı. Təbii ki, ABŞ-nin arxa baxçası hesab etdiyi Latın Amerikasında Rusiyanın mövelərinin güclənməsi Vaşinqtonda qıcıq yaratmaya bilməzdi. Maduro əməliyyatından sonra çox ehtimal ki, Venesuelada formalaşacaq hökümət amerikayönümlü olacaq və Rusiya ilə dərin əlaqələr yenidən nəzərdən keçirilməli olacaq. Bütün bunların fonunda isə Moskvanın bu ölkədəki nüfuzu ciddi zədələnəcək və qitədən sıxışdırılıb çıxarılacaq.Hadisələrə bir az daha əvvəldən baxsaq əslində görərik ki, Rusiya dünyada nüfuzunu yaxın onillikdə get-gedə itirməyə başlayıb. Buna nümunə olaraq, qonşu Ermənistanı da misal göstərə bilərik. 2018-ci ildə ölkədə baş verən aksiyalar zamanı Rusiya və şəxsən Putin özü yaxın müttəfiqi hesab etdiyi Ermənsitanın sabiq Prezidenti Serj Sarkisyanı da qorumaqda aciz qaldı və nəticədə hakimiyyətə ölkənin hazırkı Baş naziri Nikol Paşinyan gəldi. Bu günə kimi də Moskva hər cür həmlələr edərək, Paşinyanı devirməyə can atsa da uğur qazana bilməyib və Ermənistandakı mövqeləri xeyli zəifləyib. Bu siyahıya İranı da əlavə etmək olar. Rusiya və İranın yaxın müttəfiq dövlət olduğu demək olar ki, hər kəsə məlumdur. 12 günlük müharibə zamanı İsrail İranın bir sıra yüksək rütbəli şəxslərini öldürməsi, eləcə də ABŞ bu ölkənin nüvə obyektlərini sıradan çıxarması Rusiyanın müttəfiqlərini qoruya bilməməsini ortaya qoymuş oldu.Qeyd edək ki, İranın da Venesuela ilə dərin əlaqələri var idi və Tehran rejimi Maduronun əsas dəstəkçilərindən hesab olunurdu. Hətta mətbuatda yayılan məlumata görə, Maduro hakimiyyətinin İrana 2 milyard dollarlıq borcu da var. Görünən odur ki, ABŞ Maduronu həbs etməklə, Rusiya və İranın Venesueladakı maraqlarını arxa plana atmağa nail ola bildi. Vaşinqton həmçinin bu cür addım atmaqla Tehran və Moskva həndəvərlərini aşmağın hansı bədəllə qarşılaşacaqlarını da sübut etmiş oldu. ABŞ-nin bu addımın qarşısında Rusiya və İran sadəcə quru bəyanat verməkdən başqa nəsə etməyə cürət də edə bilmədilər. Hazırda dünyada gedən proseslərə yaxından nəzər salsaq görərik ki, Rusiya ətrafında halqa daralır və Donald Tramp Rusiyaya Ukrayna məsələsi ilə bağlı müəyyən güzəştlərə getməsinə baxmayaraq, Kreml rəhbəri qanlı müharibəni bitirməkdə heç də maraqlı görünmür. Amma buna baxmayaraq, ötən gün ABŞ Dövlət Departamenti rus dilində rəsmi paylaşım edərək bildirib ki, Trampla oyun oynamayın. Çox ehtimal ki, Vaşinqton bu yolla Moskvaya xəbərdarlıq edərək, Rusiyanın müttəfiqlərinin başlarına gələn oyunlardan ciddi nəticə çıxarmasının mesajını verib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
47
missiya.az

1Mənbələr