Azərbaycana gələn İran vətəndaşı qarət olunub.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun 164-cü kilometrliyində, yolun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində baş verib.
Rayonun İstisu qəsəbə sakini, 1973-cü il təvəllüdlü Arifə Məmmədova (soyadı şərtidir) evində spirtli içki qəbul edərək həmin ərazidəki körpünün yaxınlığında dayanıb. O, həmin vaxt Bakı istiqamətində hərəkətdə olan "Scania" markalı 98-AA-713 dövlət nömrə nişanlı TIR yük avtomobilini saxlatdırıb, sürücüdən onu da sərnişin kimi götürməsini xahiş edib. İran vətəndaşı olan sürücü Banu Fərəh Babak qadını maşına götürüb yoluna davam edib.
Yolda sürücü avtomobildən düşüb, yolun kənarında onu gözləyən şəxslə söhbət edib. Fürsətdən istifadə edən Arifə maşında olan pulqabını açıb, onun içərisində olan 900 ABŞ dolları (1 530 manat) götürərək, pulqabını yerinə qoyub. Təxminən 10-15 kilometrdən sonra Arifə sürücüdən maşını saxlamağı xahiş edib və o, avtomobildən düşüb. Bu vaxt sürücü pulqabının yerinin dəyişməsindən şübhələnib və onun içərisinə baxanda pullarının oğurlandığını görüb. Sürücü qadını çağıraraq ondan pulları tələb edib. Qadın sürücünün şübhələndiyini hiss edərək götürdüyü pulları yolun kənarındakı qum topasının içərisində gizlədərək sürücünün yanına gəlib və ciblərini göstərərək, pulu götürmədiyini bildirib. O, daha sonra sürücünü şərləməyə başlayıb. Qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, İran vətəndaşı olan sürücünün ona böhtan atdığını bildirib. Qadın, həmçinin sürücünün narkotik vasitə daşıdığını deyərək polisə yalan məlumat verib.