Budapeşt, 7 yanvar, AZƏRTAC
Son illərdə ölkəmizdə yeni bir siyasi ənənə formalaşıb: hər ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verir. Qısa müddət ərzində bu format sadəcə media hadisəsi olmaqdan çıxaraq, ölkənin ötən il ərzində keçdiyi yolun ümumiləşdirilmiş və gələcək hədəflərin açıq şəkildə təqdim olunduğu mühüm siyasi platformaya çevrilib. Son müsahibə də həm məzmun, həm də əhatə dairəsi baxımından bu ənənənin məntiqi davamı oldu.
Təxminən üç saat davam edən müsahibəsində Prezident İlham Əliyev daxili və xarici siyasətin demək olar ki, bütün əsas istiqamətlərinə toxundu. Müsahibənin üç dildə aparılması onun həm ölkə daxilinə, həm də beynəlxalq auditoriyaya ünvanlandığını açıq şəkildə göstərirdi. Əslində, bu müsahibə təkcə 2025-cü ilin yekunları deyil, son beş ilin — postmüharibə dövrünün strateji balansı kimi də dəyərləndirilə bilər. Prezidentin vurğuladığı kimi, geridə qalan il Azərbaycanın müasir tarixində xüsusi yer tutan, dönüş xarakterli bir mərhələ olub.
2025-ci ilin Azərbaycan üçün əsas tarixi mənası Ermənistan-Azərbaycan münaqişəsinin siyasi baxımdan tamamlanması və regionda yeni sülh mərhələsinin başlanmasıdır. Bu proses çərçivəsində ABŞ-da, Ağ Evdə imzalanan Birgə Bəyannamə Azərbaycanın beynəlxalq mövqelərinin nə dərəcədə gücləndiyini göstərir. Artıq ilkin nəticələr də hiss olunur: regionda gərginlik tədricən azalır, təhlükəsizlik və əməkdaşlıq üçün real zəmin formalaşır.
Xarici siyasət mövzusunda Prezident Əliyev xüsusilə Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə diqqət çəkdi. ABŞ-la münasibətlərin normallaşması bu baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Uzun illər ikitərəfli əlaqələrə mənfi təsir göstərmiş 907-ci düzəlişin tətbiqinin dayandırılması bu baxımdan mühümdür. Bir zamanlar regionda destruktiv rol oynamış digər rudimentləri kimi, bu düzəliş də keçmişin qalığına çevrilmək üzrədir.
Ötən ilin böyük əhəmiyyət daşıyan hadisələrindən biri də Azərbaycanın Çinlə olan strateji tərəfdaşlığı ilə bağlıdır. Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin daha bir uğurlu nümunəsi oldu. Bakı ilə Pekin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi təkcə diplomatik jest deyil, konkret iqtisadi və texnoloji məzmun daşıyır. Çin investisiyalarının bərpaolunan enerji, yaşıl texnologiyalar, sənaye və nəqliyyat sahələrinə yönəlməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyası ilə tam uzlaşır. Bundan əlavə, hərbi-texniki əməkdaşlıq perspektivlərinin gündəmə gəlməsi tərəflər arasında etimadın yeni mərhələyə keçdiyini göstərir.
Azərbaycanın tamhüquqlu üzv qismində Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatına qoşulması da regional proseslər baxımından əhəmiyyətlidir. “5+1” formatının “6-lıq”a çevrilməsi ilə Azərbaycan faktiki olaraq Mərkəzi Asiya ilə Avropa arasında əsas logistik və siyasi körpü rolunu möhkəmləndirib. Artan tranzit həcmləri və Xəzər dənizi üzərindən planlaşdırılan enerji və rəqəmsal kommunikasiyalar bu rolu daha da gücləndirəcək.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da Prezidentin müsahibəsində xüsusi yer tutdu. Qeyri-rəsmi sammit formatının səmərəliliyi artıq praktik nəticələrlə təsdiqlənib. Hərbi əməkdaşlıq və birgə təlimlər ideyası isə qlobal qeyri-sabitlik fonunda türk dövlətləri arasında koordinasiyanın artmasına xidmət edir.
Prezident Əliyevin beynəlxalq hüquqla bağlı fikirləri xüsusilə realist yanaşmanı əks etdirirdi. BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələri Azərbaycanın acı təcrübəsi kimi xatırladıldı. Bu reallıq ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsini və hərbi sənayenin inkişafını strateji zərurətə çevirib. Məqsəd aydındır: Azərbaycanla heç kim güc dili ilə danışa bilməz.
Daxili siyasət blokunda əsas diqqət azad edilmiş ərazilərin bərpasına yönəldi. Qarabağda və Şərqi Zəngəzurda artıq on minlərlə insanın məskunlaşması dövlət proqramlarının real nəticələr verdiyini göstərir. Yaxın illərdə bu rəqəmlərin daha da artması planlaşdırılır. Zəngəzur dəhlizi ilə bağlı Prezidentin mövqeyi isə qətidir: bu layihə reallaşacaq və regionun iqtisadi xəritəsini köklü şəkildə dəyişəcək.
Milli-mənəvi dəyərlər mövzusunda Prezident Azərbaycan dilinin qorunmasını və saflaşdırılmasını ön plana çəkdi. Dilin milli kimliyin əsas dayaqlarından biri olduğu vurğulandı və gələcək nəsillərə zəngin, təmiz formada ötürülməsinin vacibliyi qeyd edildi.
Müsahibədə turizm sahəsində əldə olunan nailiyyətlərə də toxunuldu. Təhlükəsizlik, coğrafi mövqe, müasir infrastruktur və mədəni müxtəliflik Azərbaycanın cazibədarlığını artıran əsas amillər kimi təqdim olundu.
Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi dövrün aydın mənzərəsini yaradan, həm hesabat, həm də yol xəritəsi funksiyasını daşıyan mühüm siyasi çıxış oldu. Azərbaycan yeni mərhələyə öz gücünə arxalanaraq, aydın məqsədlərlə və inamla daxil olur. Bu yolun qarşısında yeni çağırışlar olsa da, əldə edilən təcrübə və formalaşmış strateji baxış gələcəyə nikbin baxmağa əsas verir.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Budapeşt