AZ

Florida hakimiyyəti Maduroya qarşı ittiham irəli sürə bilər

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Florida ştatının hakimiyyəti qaçırılan Venesuela prezidenti Nikolas Maduroya qarşı qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı üzrə ittihamlar irəli sürmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

Hafta.az "Miami Herald" nəşrinə istinadən xəbərinə görə, bu barədə Florida qubernatoru Ron Desantis jurnalistlərə müsahibəsində məlumat verib.

"Biz Nikolas Maduroya qarşı ştat səviyyəsində iş qaldırmağı çox ciddi şəkildə nəzərdən keçiririk. Mən "biz" dedikdə, bu təkcə mən deyiləm. Mən, əlbəttə ki, bu işi dəstəkləyəcəyəm, amma iş baş prokurorluqdan keçəcək", - deyə Desantis bildirib.

Qubernator, həmçinin iddia edib ki, Maduro narkotik qaçaqmalçılığı ilə ciddi şəkildə əlaqəli olub, xüsusilə də Floridada.

Desantisin sözlərinə görə, Venesuela lideri ölkə həbsxanalarından məhbusları azad edib və onları sərhəddən keçməklə ABŞ-yə göndərib, nəticədə onlardan bəziləri Floridaya gedib çatıb. Desantis xüsusilə iddia edib ki, ABŞ-də terrorçu elan edilən Venesuelanın "Tren de Aragua" ("Araqua qatarı") qruplaşmasının üzvləri ştat ərazisinə daxil olublar.

Qubernator əlavə edib ki, cinayətkarların Floridaya göndərilməsi ştatın "cinayət elementlərinin idxalı" qanunlarını pozan "son dərəcə düşmənçilik aktı" hesab edilməlidir.

Onun sözlərinə görə, bu ittiham bəndləri Nyu-York ştatının ittiham aktına daxil edilməyib.

Ron Desantis "X" hesabında işin Mayamidə qaldırılacağına işarə edib. O vurğulayıb ki, ittihamlar həm ştat, həm də federal səviyyələrdə qaldırıla bilər, çünki bunlar fərqli yurisdiksiyalardır.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edərək, prezident Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi ələ keçirib və ölkədən çıxarıb. Onlar ABŞ-yə gətirilib və Nyu-Yorkun cənubundakı Bruklin istintaq təcridxanasında saxlanılıblar. Yanvarın 5-də Maduro və Flores Nyu-York ştatının Cənub Dairəsi Federal Məhkəməsi qarşısına çıxarılıblar. ABŞ hakimiyyəti onları narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham edir. Eyni zamanda, Maduro və Flores onlara qarşı irəli sürülən ittihamları qəbul etməyiblər.

Seçilən
68
hafta.az

1Mənbələr