AZ

Türk dövlətləri hərbi gücünü birləşdirir: YENİ ƏMƏKDAŞLIQ dövrü başlayır

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik və müdafiə məsələləri getdikcə daha çox regional əməkdaşlıq mexanizmləri üzərindən müzakirə olunur. Xüsusilə oxşar maraqlara və strateji prioritetlərə malik dövlətlərin koordinasiyalı fəaliyyətə ehtiyac duyması bu istiqamətdə yeni yanaşmaların formalaşmasına səbəb olur. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Türk Dövlətləri Təşkilatının gələcək inkişaf perspektivlərinə və üzv ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinə toxunması da bu reallıqlar fonunda diqqət çəkir. Dövlət başçısının beynəlxalq münasibətlərdə güc və müttəfiqlik amillərinin artan roluna dair yanaşması Türk dövlətləri arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin mümkün istiqamətləri barədə müzakirələri ön plana çıxarır.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev yanvarın 5-də verdiyi müsahibədə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi məsələsinə bir daha diqqət çəkib:

“Qeyd etmək lazımdır ki, bu məsələ ilk dəfə ötən ilin payızında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında Prezident İlham Əliyev tərəfindən səsləndirilmişdi. Dövlət başçısı müsahibəsində bir daha vurğuladı ki, Azərbaycanın TDT-yə üzv ölkələrlə ayrı-ayrılıqda hərbi-texniki sahədə əməkdaşlığı mövcuddur və bu çərçivədə müxtəlif təlimlər keçirilir. Xüsusilə Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və hərbi müttəfiqlik münasibətləri formalaşıb və hər il Türkiyə Silahlı Qüvvələri ilə çoxsaylı birgə hərbi təlimlər təşkil olunur. Eyni zamanda, Azərbaycan Özbəkistan və Qazaxıstanla da hərbi təlimlər həyata keçirib.

Prezidentin təklifi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlər keçirməsini nəzərdə tutur. Bu təşəbbüs yeni bir hərbi blokun yaradılması anlamına gəlmir. Sadəcə olaraq müasir dünyada güc faktorunun ön plana çıxması və Türk Dövlətləri Təşkilatının gələcək qlobal düzəndə ciddi aktorlardan birinə çevrilmək iddiası fonunda üzv dövlətlər arasında inteqrasiyanın daha da dərinləşdirilməsi zərurəti yaranır. Bu cür təşəbbüslər hərbi-texniki əməkdaşlıq çərçivəsində atılan addımlardan biri kimi qiymətləndirilməlidir və gələcək perspektivlər baxımından mühüm əhəmiyyət daşıyır.

Nəzərə almaq lazımdır ki, TDT-yə üzv ölkələr eyni zamanda müxtəlif beynəlxalq təşkilat və təhlükəsizlik strukturlarında təmsil olunurlar. Məsələn, Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Türkiyə isə NATO-nun üzvüdür. Bu səbəbdən hazırkı mərhələdə onların mövcud üzvlüklərindən imtina edərək yeni bir hərbi blok yaratması mümkün deyil. Lakin türk dövlətləri arasında xüsusilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi son dərəcə vacibdir”.

“Müasir beynəlxalq proseslər açıq şəkildə göstərir ki, beynəlxalq hüquq əvvəlki təsir gücünü itirib və güc amili ön plana çıxıb. Bu reallıq fonunda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr öz müdafiə potensiallarını gücləndirməli, təhlükəsizlik imkanlarını artırmalı və bu güc vasitəsilə digər aktorların da onları nəzərə almasına nail olmalıdırlar. Bu baxımdan Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs praktik müstəvidə həyata keçirilməli və strateji yanaşma kimi dəyərləndirilməlidir”,- deyə sonda politoloq qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
52
editor.az

1Mənbələr