Bakı, 7 yanvar, AZƏRTAC
Şəhər və rayonlarda su xətlərinin köhnəlməsi səbəbilə yaranan yüksək su itkisi hansı səviyyədədir və ADSEA bu itkilərin azaldılması üçün konkret hansı infrastruktur dəyişikliklərini nəzərdə tutur?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, su itkilərinə müxtəlif hallar səbəb ola bilir.
“Fərdi yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə məskunlaşan əhalinin bir qismi sudan qeyri-qanuni istifadə etməsi, ümumiyyətlə abonentlərin bir neçə faiz hissəsinin su sərfiyyatına olan borclarını ödəməməsi, istismar müddəti bitmiş xətlərdən axıntılar əsas su itkilərinə səbəb olan hallardır. Su itkilərinin qarşısını almaq üçün infrastrukturun yenilənməsi əsas prioritetdir. Bakı və ətraf qəsəbələrdə köhnəlmiş və qanunsuz çəkilmiş xətlər ləğv edilir, yeni mərkəzləşdirilmiş şəbəkələr qurulur”, - deyə qurumdan bildirilib.
Qeyd edilib ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatı infrastrukturunun yenilənməsi istiqamətində mütəmadi olaraq işlər aparılır: “İstismar müddətini başa vurmuş, aşınmış borular mərhələli şəkildə yeni, dayanıqlı və müasir materiallardan olan borularla əvəzlənir. Yenidənqurma işləri əsasən su itkilərinin yüksək olduğu və ya tez-tez qəza baş verən ərazilərdə həyata keçirilir. Layihələrə həm magistral, həm də paylayıcı şəbəkələrin yenilənməsi, nasos stansiyalarının təkmilləşdirilməsi və idarəetmə sistemlərinin avtomatlaşdırılması daxildir. İşlərin həyata keçirilməsi monitorinq nəticələrinə əsasən müəyyənləşdirilir və mərhələli şəkildə icra olunur”.