AZ

Hər bir azərbaycanlını birləşdirən müqəddəs dəyər - torpaq sevgisi

İlham Əliyev: Hər an torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq!

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Ona ünvanlanan  “Torpağa münasibətiniz necədir? Sizdən ötrü torpaq nədir? sualını özünəməxsus şəkildə cavablandırıb. Jurnalist Mirşahin Ağayev zamanında bu sualı ulu öndər Heydər Əliyevə də ünvanladığını xatırladıb.

O dövrdə torpaqlarımızın 20 faizi işğal altında idi. Bu səbəbdən də Heydər Əliyevin qəlbində Vətən, torpaq sevgisi, doğma yerlərə geri qayıdacağımıza inam hədsiz dərəcədə böyük olsa da, Onun bu suala cavabında həm də bir yanğı, nisgil var idi.  İndi isə vəziyyət fərqlidir. Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Təbii ki, son 200 illik tariximizdə ən böyük qələbəmizin əsas memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin eyni suala cavabı tamam fərqli əhval-ruhiyyədə və məzmunda olub.

İşğal altında qalmış torpaqlara qayıtmaq inamı

Azərbaycan xalqının mental dəyərlər sistemində torpaq sevgisi, yurd yerlərinə bağlılıq anlayışı möhkəm yer tutur və xüsusi məna daşıyır. Xalqımızın Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllıərində respublikamıza qarşı başladığı və təxminən otuz il ərzində davam etdirdiyi işğalçılıq siyasəti ilə əlaqədar yaşantıları bunu bütün cəhətləri ilə bir daha nümayiş etdirdi. O illərdə torpaqlarımızın işğal altına düşməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün ümummilli bir kədər idi. Bəli, danışırdıq, gündəlik qayğılarımızla məşğul olurduq, ancaq qəlbimizdəki Qarabağ ağrısı bir an da olsun bizləri tərk etmirdi, xəyallarımız ilğımın dalına düşərək Şuşaya, Laçına, Ağdama gedirdi. Hər birimizin içindən bir ağ atlı oğlan boy göstərirdi, xəyal qururduq ki, ilahi bir güc düşməni ən qəddar formada cəzalandıracaq və torpaqlarımız azadlığına qovuşacaq.

Belə kritik məqamlarda sıravi insanların gözü, qulağı liderlərdə olur, onlardan kömək, imdad gözlənilir. Eyni zamanda, qayıtmaq inamı liderlərin də varlığına, qəlbinə hakim kəsilmişdi. Xatırlayırıq, qaçqın və məcburi köçkünlərın yaşayış şəraitini yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edən ümummilli liderimiz Heydər Əliyev onlarla hər görüşündə təskinlik verərək bildirirdi ki, torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Bunu Ulu Öndərimiz 1998-ci ilin Novruz bayramı günlərində deyib. Nə qədər gözəl, səmimi və duyğulu bir arzu idi!. Həm də hər bir azərbaycanlı məhz bu istəklə yaşayırdı. “Bilirsiniz, bizim hamımız üçün torpaq anlayışı, ilk növbədə, itirilmiş torpaqlarla bağlı idi. Çünki bu haqda sual işğal dövründə veriləndə hər birimiz itirilmiş torpaqlar haqqında düşünürdük və əminəm ki, cəmiyyətimizin əksəriyyəti inanırdı ki, biz bu torpaqlara qayıdacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Əlbəttə, illər ötdükcə, ümidlər də öləziyirdi, narahatçılığımız artırdı. Axı otuz il az zaman kəsiyi deyil. Biz daha nə qədər gözləməli idik? Burada lider amili və məsuliyyəti önə çıxır. Torpağa sevgi böyük ola bilər. Ancaq qarşında yağı düşmən olduğunu da unutmamalısan. O düşmən ki, arxasında böyük güclər dayanmışdı. Dövlətimizin başçısınınn bildirdiyi kimi, bizi reallıqla, yəni işğal faktı ilə barışmağa çağırdılar. Üç böyük dövlətin həmsədr olduğu və artıq tarixə qovuşmuş Minsk qrupu işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyaraq işğal məhsulu olan keçmiş statuskvonu sonsuzluğadək uzatmağa çalışırdı. Beləliklə, sülh prosesinin iflasa uğradığı aydın idi. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, Prezident İlham Əliyev proseslərin gedişinə uyğun zəruri tədbirlər gördü. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı bildirib: “İllər keçdikcə hərbi variantın labüd olması ilə bağlı da məndə heç bir şübhə qalmamışdı. Sadəcə olaraq, hazırlıq işləri lazımi səviyyədə görülməli idi”.

Beləliklə,  Prezident İlham Əliyev ərazi bütövlüyümüzün təmin olunmasının ən real yolunu ölkənin gücləndirilməsində görürdü. Onun uzaqgörənliklə qarşıya qoyduğu hədəflər də məhz Azərbaycanın potensialının artırılmasına və bu əsasda güclü ordu qurulmasına hesablanmışdı. Aparılan hazırlıqların nəticəsi olaraq düşmən cəmi 44 gün ərzində bütünlüklə kapitulyasiyaya məruz qaldı. “Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil. Artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi ki, bu itkilər olmasın və müharibənin 10 noyabrda dayandırılması da bununla bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Noyabrın 8-dən sonra Azərbaycan nəzarətdə olmayan torpaqlar idi

Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu. Ancaq suverenliyimiz tam təmin olunmamışdı, ərzilərimizin bir hissəsi yenə də separatçıların nəzarətində idi. O yerlərdə hələ də bayrağımız dalğalanmırdı. Müharibədən sonra respublikamız Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf  hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi.  2023-cü ilin 19 sentyabr tarixində  Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.

Bir sözlə, ermənilərin təxribatlarının sayı-hesabı yox idi. Separatçılar açıq-aşkar ölkəmizə qarşı dövləti cinayətlərə əl atırdılar. Bununla barışa bilərdikmi? Bu sualın ən dolğun cavabını Prezident İlham Əliyev verib: “Nə deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirdilər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, bu qədər iş görmüsünüz də, bəsdir. Bəziləri deyirdilər ki, Sizin adınız tarixə yazılıb da, heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni pis niyyətlə yox. Sadəcə olaraq, bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub etmişik, orada 2000 rus zabiti, əsgəri yerləşib, qalsın sonraya, bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu”.

İndi qəlbimiz işğaldan azad olunmuş ərazilərlə döyünür

Vətən müharibəsindən, antiterror əməliyyatından sonra bizim üçün torpaq anlayışı işğaldan azad ollunmuş ərazilərlə assosasiya olunur. Bununla bağlı fikirlərini ifadə edən Prezident ilham Əliyev bildirib: “İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür”.

Bəli, indi bizi birləşdirən əsas ümummilli ideyalardan biri işğaldan azad edilmiş ərazilərin dirçəldilməsidir. Erməni vandalları otuz il ərzində görünməmiş vəhşiliklərə əl atıblar, şəhər və kəndlərimizi xarabazarlığa çeviriblər. Ancaq dövlətimizin imkanları, hər birimizin qəlbində Qarabağa olan sevgi o qədər böyükdür ki, biz doğma torpağımızı qarış-qarış Yer üzünün cənnətinə çevirəcəyik.

Mübariz ABDULLAYEV

Seçilən
39
yeniazerbaycan.com

1Mənbələr