Tolikin verilişinin adından müğənnilərə qarşı Dələduzluq
Ajans.az xəbər verir ki, bu haqda prodüser şəxsi instaqram səhifəsində məlumat yayıb. O, 055-550-28-87 nömrəsindən bir sıra müğənnilərlə əlaqə saxlanılaraq onları "Tarixin bir günü" verilişinə dəvət etdikləri bildirib. Lakin verilişdə iştirak üçün ödəniş tələb olunub. Məlumata görə, bəzi sənətçilər bu təklifə inanaraq 300- 600 manat məbləğində ödəniş ediblər. Məsələ ilə bağlı açıqlama verən Tarix Əliyev qeyd edib ki, sözügedən mobil nömrə ilə əlaqə saxlayıb və ödəniş edən bütün sənətçilərə hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib: "Son günlər bəzi fırıldaqçı şəxslər müxtəlif telekanalların və verilişlərin adından istifadə edərək WhatsApp vasitəsilə müğənnilərə və sənət adamlarına müraciət edir, verilişlərimizə çıxmaq adı altında 300, 400, 500, hətta 600 manat pul tələb edirlər.
Rəsmi şəkildə bəyan edirəm ki, mənim, komanda üzvlərimin və əməkdaşlıq etdiyim prodüksiyanın bu şəxslərlə heç bir əlaqəsi yoxdur. Bu açıq-aşkar dələduzluqdur və artıq hüquqi müstəviyə çıxarılır. Məsələ vəkillərimə təqdim olunacaq və aidiyyəti qurumlara rəsmi müraciət ediləcək.
Zərər çəkmiş bütün sənət adamlarından tələb edirəm ki, həmin şəxslərin yazışmalarını, səsli mesajlarını və digər sübutları dərhal bizə göndərsinlər. Bu şəxslər mütləq tapılacaq və qanun qarşısında cavab verəcəklər. Belə halların cəzasız qalmasına imkan verilməyəcək".