Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ABŞ-nin Venesuelaya qarşı hərbi müdaxiləsini “suverenliyin pozulması” kimi qiymətləndirib və saxlanılan Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının dərhal azad olunmasına çağırış edib.
"Cebheinfo.az" xəbər verir ki, Prezident Ramafosa verdiyi açıqlamada bildirib ki, ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat beynəlxalq hüquqa və dövlətlərin suverenlik hüquqlarına ziddir.
O, Cənubi Afrika hökumətinin bu addımdan dərin narahatlıq keçirdiyini vurğulayıb.
Ramafosa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını beynəlxalq hüququ qorumaq, sülh və təhlükəsizliyi təmin etmək vəzifəsini yerinə yetirməyə çağıraraq deyib:
“ABŞ-nin bu cür hərəkətlərini qətiyyətlə rədd edirik və Venesuela xalqının yanındayıq. Eyni zamanda Prezident Maduronun və həyat yoldaşının azad olunmasını tələb edirik”.
Prezident Siril Ramafosa qlobal qeyri-sabitlik, iqlim dəyişikliyi və artan bərabərsizlik fonunda ədalətə və bərabərliyə əsaslanan yeni dünya nizamına ehtiyac olduğunu qeyd edib.
O, Cənubi Afrikanın Fələstin, Qərbi Saxara və Kuba xalqları ilə, eləcə də öz müqəddəratını təyin etmək hüququndan məhrum edilmiş bütün icmalarla həmrəyliyə sadiq olduğunu bildirib.