AZ

OMTAS tank əleyhinə raket sistemlərinin yeni partiyası Kosovaya çatdırılıb

Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal edilən OMTAS orta mənzilli tank əleyhinə raket sistemlərinin yeni partiyası Kosovaya çatdırılıb.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Kosova Müdafiə Nazirliyi məlumat yayıb.

Kosovanın müdafiə naziri vəzifəsini icra edən Ejup Maqedonci, bu raket sistemləri 2023-cü ilin dekabr ayında “Roketsan” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində alındığını bildirib.

O vurğulayıb ki, tank əleyhinə raket sistemləri sayının və çeşidinin artırılması, müxtəlif döyüş məsafələrini, fərqli relyef və ərazi şərtlərini, həmçinin müxtəlif təhlükəsizlik ssenarilərini əhatə etməyə imkan yaradır və bu da Kosova Silahlı Qüvvələrinin əməliyyat çevikliyini gücləndirir.

Qeyd edək ki, “Roketsan” şirkətinin inkişaf etdirdiyi OMTAS döyüş meydanındakı zirehli təhdidlərə qarşı təsirli olan orta mənzilli tank əleyhinə sistemdir. Raket, gecə-gündüz və hər cür hava şəraitində infraqırmızı özütuşlama başlığı sayəsində işləyə bilir. Orijinal və yeni nəsil quruluşu ilə seçilən milli olaraq hazırlanmış OMTAS kompleksi, əsasən tam ölçülü raketi, atəş platformasını, atəşi idarəetmə bloku-müşahidə blokunu, atəşi idarəetmə bloku-idarəetmə blokunu özündə birləşdirir. OMTAS kompleksi buraxma sistemindən (raket, atəş platforması, atəş idarəetmə blokları), nəqliyyat qutularından və təlim trenajorundan ibarətdir.

Buraxma qurğusu və raket arasındakı radiodalğa məlumat bağlantısı istifadəçiyə çevik əməliyyat qabiliyyətini təmin edir. Raket atəşdən əvvəl və ya sonra hədəfə kilidlənərək “atdın-unutdun” və ya hədəf/vuruş nöqtəsinin seçilməsinə imkan verən “at-yenilə” uçuş rejimlərinə malikdir. Dəqiq idarəetmə-nəzarət qabiliyyəti və zirehdələn tandem başlığı, OMTAS raketinin zirehli hədəflərə qarşı təsirli bir silah sistemi olmasını təmin edir.

Sistemin xüsusiyyətləri gecə və gündüz və bütün hava şərtlərində tapşırıqları yerinə yetirmə imkanından, sabit və hərəkətli hədəflərə qarşı istifadə edilməsindən, hədəf yeniləmə qabiliyyətinin çevikliyindən (hədəfdəki hücum nöqtəsinin yenilənməsi, uçuş zamanı hədəflərin dəyişdirilməsi, yüksəklik arxasından asma atışın aparılması), koordinatlar üzrə atış imkanından, sinif və yerləşdirilmiş tip trenajorlarının mövcudluğundan, modul tipli buraxma sisteminin olmasından və ayrı-ayrılıqda istifadə edilə bilən TV/Termal kamera müşahidə blokunun olmasından ibarətdir.

OMTAS kompleksi üçayaqlı dəzgahdan başqa, onu açıq və ya qapalı tipli qüllə kimi inteqrasiya edilərək müxtəlif növ yerüstü platformalarda da yerləşdirilərək tətbiq edilə bilir. 160 mm çaplı OMTAS raketinin uzunluğu 1800 mm, kütləsi 35 kq (raket və nəqletmə-buraxma borusu) – 36 kq (üçayaqlı buraxma sistemi) təşkil edir. Raketin atış məsafəsi 200 – 4000 metr, istifadə hündürlüyü 300 – 3000 metrdir. OMTAS reaktiv zirehə qarşı tandem; yüksək partlayıcı qəlpəli; termobarik döyüş başlıqları ilə dəstləşdirilir. TV / termal kamera nişanalma dəsti ilə təchiz olunan OMTAS kompleksi hədəfə düzünə dəymə / üstdən dəymə rejimlərində işləyir. Yüngül zirehli və zirehsiz texnikalar, silahlı birliklərə qarşı tətbiq edilən raket kompleksi ətraf mühitin -35OC…+60OC temperaturda istifadə edilə bilir.

Seçilən
22
poliqon.az

1Mənbələr