AZ

Azərbaycan-ABŞ münasibətləri artıq birtərəfli yanaşmalar üzərində qurula bilməz - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə, mahiyyət etibarilə, daxili və xarici siyasətin paralel koordinasiyası üzərində qurulmuş strateji baxışlar silsiləsi idi”.

Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Əkbər Qoşalı deyib.

Ekspert qeyd edib ki, Prezident müsahibədə həm cari proseslərə aydınlıq gətirdi, həm də, qarşıdakı mərhələlər üçün siyasi çərçivəni açıq şəkildə ortaya qoydu:

“Diqqəti çəkən əsas məqamlardan biri 907-ci düzəlişin ləğvi məsələsinin yenidən gündəmə gətirilməsi oldu. Bu mövzu kontekstində verilən ismarıc da çox aydın idi: Azərbaycan-ABŞ münasibətləri artıq köhnə siyasi stereotiplər və birtərəfli yanaşmalar üzərində qurula bilməz. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qalib dövlətdir və bu gerçəklik beynəlxalq münasibətlərdə nəzərə alınmalıdır. Azərbaycan Prezidenti bu məsələdə prinsipial mövqe sərgiləyərək, ikitərəfli münasibətlərin yalnız qarşılıqlı sayğı və bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edə biləcəyini vurğuladı".

Ə.Qoşalının fikrincə, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar isə özəlliklə iqtisadi və geosiyasi baxımdan strateji xarakter daşıyır. Onun sözlərinə görə, burada ismarıc təkcə daşımaçılıq layihəsi ilə məhdudlaşmır; söhbət bölgənin yeni təhlükəsizlik və işbirliyi arxitekturundan gedir:

"Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, bu dəhliz regional inteqrasiyanın qaçılmaz tərkib hissəsidir və proses geridönməz xarakter alıb.

Bu müsahibə Azərbaycanın savaşsonrası mərhələdə hərbi-siyasi baxışını ortaya qoydu. Vurğu hərbi gücün artırılması ilə birgə peşəkar, çevik və texnoloji cəhətdən çağdaş ordunun formalaşdırılmasına yönəldi. Bu, haqlı olaraq, Azərbaycanın gələcək təhlükəsizlik konseptinin əsas sütunlarından biri kimi təqdim olundu.

Prezidentin ismarıcları, ümumilikdə müsahibə özünəinamlı dövlət mövqeyi, gerçəkliklərə söykənən diplomatiya və strateji təmkin xəttinin davamı kimi qiymətləndirilməlidir. Bəli, Azərbaycan Respublikası regional və beynəlxalq proseslərin obyektindən çox, artıq aktiv subyektidir və öz gündəliyini özü müəyyənləşdirir".

Tahirə Qafarlı

Seçilən
69
hafta.az

1Mənbələr