AZ

Məhkəmə həkim-nevropatoloq barəsində qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən Y.Y.-nin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Məhkəmənin qərarına əsasən, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməyib.


İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, təqsirləndirilən şəxs 15 yanvar 2007-ci il tarixindən 25 may 2021-ci il tarixədək Səhiyyə Nazirliyinin Bərdə rayonunda yerləşən tibb müəssisəsində Nevrologiya şöbəsinin müdiri (həkim-nevropatoloq) vəzifəsində işləyib və vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
 

İttihamda qeyd olunur ki, Y.Y. vəzifə öhdəliklərinə uyğun olaraq tibbi fəaliyyətə rəhbərlik etməli, müalicə-diaqnostika prosesinin keyfiyyətinə nəzarət etməli, tibbi sənədləşmənin düzgün aparılmasını təmin etməli olduğu halda, xidməti səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib. Belə ki, o, özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq və tanışı olan şəxsin əlillik dərəcəsi almasına köməklik göstərmək məqsədilə rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.


Araşdırmalara əsasən, təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü, Bərdə rayon sakini İ.İ.-nin (adı, soyadı şərtidir) barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan onun stasionar müalicədə olması barədə saxta tibbi sənədlər tərtib edib. Həmin sənədlərdə faktiki vəziyyətə uyğun olmayan, əlilliyin təyin olunmasına əsas verən “qıcolma tutmaları”, “travmatik ensefalopatiya”, “hipertenzion sindrom” kimi diaqnozlar göstərilib.


Nəticədə bu saxta tibbi sənədlər əsasında sözügedən şəxsə 2016-cı ildə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilib. Bu qərar əsasında ona 2016–2021-ci illər ərzində dövlət tərəfindən ümumilikdə 44 min manatdan artıq məbləğdə pensiya və Prezident təqaüdü ödənilib.


İttihama görə, Y.Y. 2021-ci ildə də analoji qanunsuz əməlləri təkrar törədib. Belə ki, əvvəlki əlillik müddəti başa çatdıqdan sonra İ.İ-yə yenidən əlillik dərəcəsi almasına nail olmaq məqsədilə tibbi müayinələr aparmadan rəsmi sənədlərə yenidən bilə-bilə yalan diaqnozlar daxil edib və bununla təkrarən vəzifə saxtakarlığı törədib. Lakin bu dəfə Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən aparılan əyani müayinə nəticəsində əlilliyin təyini üçün əsasların olmadığı müəyyən edilib.


İstintaq orqanı hesab edir ki, təqsirləndirilən şəxsin bu əməlləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, eləcə də səhiyyə sistemində şəffaflığın və dövlət nəzarətinin təmin edilməsinə dair qanunla qorunan mənafelərə mühüm zərər vurulub.


Bərdə Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsi ilə bağlı 2015, 2016-cı illərə aid epizodlar üzrə irəli sürülmüş ittihamlar üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə əməlində cinayət tərkibi olmadığı müəyyən edildiyindən ona bəraət verilib.


Eyni zamanda Y.Y.-nin 2021-ci ilə aid epizodlar üzrə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi barədə CM-in 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməsi qərara alınıb.


Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Həmçinin onun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası izah olunub.


Bununla yanaşı, iş üzrə təqdim edilmiş mülki iddia baxılmamış saxlanılıb.


Hökmdən zərərçəkmiş şəxs qismində çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, hökmün ləğv olunmasını, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə düzgün hüquqi qiymət verilməsini və mülki iddianın təmin edilməsini xahiş edib.


Eyni zamanda dövlət ittihamçısı da apellyasiya protesti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə yeni ittiham hökmünün çıxarılmasını tələb edib.
 

Kamal Məmmədov 



Tarix: 7 Yanvar 2026, 08:15   
Seçilən
164
31
pravda.az

10Mənbələr