Vaşinqton Karakasdan ABŞ ilə eksklüziv tərəfdaşlığa razılıq və neft ixracına nəzarət istəyir...
ABŞ prezidenti Donald Tramp administrasiyası Venesuela hakimiyyətindən Çin, Rusiya, İran və Kuba ilə bütün iqtisadi əlaqələri tam şəkildə dayandırmağı, eyni zamanda ABŞ ilə eksklüziv tərəfdaşlığa razılaşmağı tələb edib.
Poliqon xəbər verir ki, bu barədə ABC News telekanalı məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton Karakasın ağır neftinin satışında Amerika şirkətlərinə üstünlük verilməsini əsas şərt kimi irəli sürür. ABŞ tərəfi hesab edir ki, Venesuelanın hazırda tam dolu olan neft tankerləri üzərində nəzarətin ələ keçirilməsi iqtisadi təzyiq mexanizminin əsas hissəsini təşkil edir.
ABŞ Senatının üzvü Rocer Uiker bildirib ki, mövcud plan Venesuelanın neft ixracını bərpa etmədiyi təqdirdə bir neçə həftə ərzində maliyyə iflası ilə üzləşə biləcəyinə əsaslanır. Onun sözlərinə görə, strategiya quru qoşunlarının yeridilməsini nəzərdə tutmur. “Söhbət ərazidə hərbi qüvvələrin yerləşdirilməsindən getmir. Bu, sadəcə olaraq planlarımızda yoxdur”, – deyə senator vurğulayıb. Uiker əlavə edib ki, ABŞ-ın yanaşması əsasən dəniz blokadası və gücləndirilmiş iqtisadi təzyiqdən ibarətdir.
Prezident Donald Tramp da daha əvvəl açıqlama verərək bildirib ki, Venesuelada formalaşdırılan müvəqqəti hakimiyyət ABŞ-a 30–50 milyon barel neft verəcək. Trampın sözlərinə görə, bu neftin satışından əldə edilən vəsait Vaşinqtonun nəzarəti altında saxlanılacaq və “Venesuela xalqının və ABŞ-nin maraqları naminə” istifadə olunacaq.
ABC News-un qiymətləndirməsinə əsasən, bu tələblər Venesuelanın xarici siyasət kursunda kəskin dönüş deməkdir və regionda geosiyasi balansın dəyişməsinə səbəb ola bilər. Ekspertlər bildirir ki, Rusiya, Çin və İranla iqtisadi əlaqələrin kəsilməsi Karakas üçün ciddi iqtisadi və siyasi nəticələr doğura, eyni zamanda ABŞ-ın Latın Amerikasında təsir imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.
Poliqon.info