ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Ən çox vaxt keçirdiyimiz beş insanın ortalamasına çevrildiyimiz fikri tez-tez motivasiya nitqlərində səslənir. İnsanlar sosial varlıqlar olaraq ətraflarındakıların düşüncə tərzindən, vərdişlərindən və emosional vəziyyətindən təsirlənirlər. Bu səbəbdən, kimlərlə vaxt keçirdiyimiz, şəxsiyyətimizin və həyat tərzimizin formalaşmasında mühüm rol oynayır.
Əgər ətrafımızda bizi aşağı çəkən insanlar varsa, onlardan uzaqlaşmaq nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına psixoloq Aysun Alyarova bildirib ki, biz hər kəslə eyni yaxınlıqda olmaq məcburiyyətində deyilik: “Qeyd etmək lazımdır ki, insan psixikası sosial mühitə son dərəcə həssasdır. Araşdırmalar göstərir ki, ən çox vaxt keçirdiyimiz insanlar bizə bilavasitə təsir edir. Onların emosional tonu, düşüncə tərzi, stress səviyyəsi zamanla bizim daxili dünyamıza nüfuz edir. Bu proses isə adətən şüuraltı baş verir - yəni beynimiz uyğunlaşmaq üçün müşahidə etdiyini normallaşdırmağa başlayır.
Əgər ətrafınızda sizi daim tənqid edən, ümidsiz, “qurban rolu”nda yaşayan insanlar varsa, bu, tədricən sizin enerjinizi azaldır. Nəticədə özünəinam, motivasiya zəifləyir və bir müddət sonra xroniki yorğunluq və ya depressiya kimi problemlər ortaya çıxa bilər. Belə vəziyyətlərdə bu cür insanlardan uzaqlaşmaq qaçış deyil, əksinə, sağlam psixoloji sərhəd yaratmağın vacib yoludur. Çünki biz hər kəslə eyni yaxınlıqda olmaq məcburiyyətində deyilik”.
Əsas sual budur: İstər romantik, istərsə də dost münasibətlərində - fərq etməz - bu münasibət məni böyüdürmü, yoxsa tükəndirirmi?
“Əgər bir münasibət bizə mənfi təsir edirsə, ən sağlam yol öz psixoloji rifahımız naminə sərhədlər müəyyən etməkdir. Bu, ünsiyyəti azaltmaq və ya məsafə qoymaq anlamına gələ bilər. Vacib olan odur ki, bu addımı atmaq eqoizm deyil, əksinə, daxili yetkinliyin göstəricisidir. Bəzən insanlar belə davranışları “özünü bəyənmişlik” kimi qiymətləndirə bilər, amma reallıqda bu, özünü tanıyan və öz rifahını önə çəkən bir insanın mövqeyidir.
Əgər biz daima bu cür münasibətlərlə qarşılaşırıqsa, deməli, bu insanların bizə öyrədəcəyi nələrsə var. Hər dəfə qaçmaq, onları həyatımızdan çıxarmaq çıxış yolu deyil. Əgər bu münasibətlər təkrar-təkrar döngü şəklində baş verirsə, bəlkə də dayanıb bu vəziyyətə diqqətlə baxmaq, buradan çıxarılası dərsi anlamaq lazımdır. Ola bilər ki, məhz bu təcrübənin içində bizə lazım olan öyrənəcəyimiz nələrsə var”-deyə psixoloq Aysun Alyarova qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.