Mütəxəssislərin apardığı araşdırmalar göstərir ki, gec saatlarda qida qəbul etmək orqanizmin bioloji ritmini pozur və bu, sağlamlıq üçün bir sıra mənfi nəticələr yarada bilər. Xüsusilə yatmazdan az əvvəl yeyilən ağır və kalorili qidalar çəki artımı riskini artırır.
Redaktor.az xəbər verir ki, alimlərin sözlərinə görə, axşam və gec saatlarda maddələr mübadiləsi zəifləyir. Bu zaman qəbul edilən qidalar gün ərzindəki kimi enerji kimi sərf olunmur, əksinə yağ ehtiyatı şəklində toplanır. Nəticədə piylənmə, insulin müqaviməti və maddələr mübadiləsi pozğunluqları meydana çıxa bilər.
Araşdırmalar həmçinin göstərir ki, gec yemək yuxu keyfiyyətinə də mənfi təsir edir. Gec saatlarda həzm prosesinin aktiv qalması yuxuya getməyi çətinləşdirir, tez-tez oyanmalara və səhər yorğunluq hissinə səbəb olur. Uzunmüddətli perspektivdə isə bu hal ürək-damar xəstəlikləri və hormonal disbalans riskini yüksəldə bilər.
Mütəxəssislər tövsiyə edirlər ki, son əsas yemək yatmazdan ən azı 2–3 saat əvvəl qəbul edilsin. Axşam saatlarında isə daha yüngül, asan həzm olunan qidalara üstünlük verilməsi ümumi sağlamlığın qorunması baxımından vacib hesab olunur.
Xədicə BAXIŞLI