AZ

Yeni reallıqlar fonunda "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş tamamilə ləğv edilməlidir – RƏY

Yaranmış yeni reallıqlar fonunda "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş tamamilə ləğv edilməlidir.

Bu fikirləri "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, ABŞ-nin sabiq administrasiyası "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb:

"Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş barədə və ABŞ-Azərbaycan münasibətlərinə dair fikir bildirib. O, müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən 907-ci düzəlişin Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini və bu düzəlişin tamamilə ləğvinin labüdlüyünü əsaslandırıb. Xatırladım ki, torpaqlarımızın Ermənistanın işğalına məruz qaldığı bir dövrdə - 1992-ci ildə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana "blokada tətbiq etməsini" bəhanə gətirərək ölkəmizə Birləşmiş Ştatlardan dövlət yardımının göstərilməsinin qarşısını alan bu sənədi qəbul edib.

"Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş Birinci Qarabağ müharibəsindən başlayaraq üç onillik ərzində müxtəlif dövrlərdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Dövlət başçısı bu prosesdə əvvəl senator, sonra vitse-prezident, daha sonra isə ölkə prezidenti olan Co Baydenin xüsusi fəallığı ilə seçildiyini qeyd edib.

Bayden-Blinken administrasiyası Əfqanıstanda hərbi əməliyyatlar başa çatan kimi 907-ci düzəlişi yenidən aktivləşdirərək bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Baxmayaraq ki, Azərbaycan beynəlxalq koalisiyanın Əfqanıstan missiyasına erkən qoşulan, o ölkəyə hərbi kontingent göndərən, eyni zamanda, ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Lakin ABŞ qoşunları oranı tərk etdikdə, Azərbaycanın dəstəyi heç olmamış kimi unudulub".

P.Vəliyeva ABŞ Konqresində Azərbaycan əleyhinə qanunvericilik təşəbbüslərinin irəli sürülməsində bir sıra ermənipərəst senatorların da ciddi rol oynadıqlarını vurğulayıb:

"907-ci düzəlişlə bağlı Konqresdə sonrakı dövrlərdə görülən tədbirlər və irəli sürülən təşəbbüslərin dəstəkçiləri arasında ermənipərəst senator Bob Menendez və Frank Pallone kimi şəxslər də olub. Onlar müxtəlif dövrlərdə 907-ci düzəlişin dayandırılması və ləğvi məsələsinin prezidentin səlahiyyətləri çərçivəsindən çıxarılmasına çalışıblar.

Pərvanə Vəliyeva

Menendez uzun illər ərzində Azərbaycan haqqında mənfi narrativlərin formalaşdırılmasında həlledici rol oynayıb. O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri olaraq davamlı şəkildə ABŞ-Azərbaycan əməkdaşlığına qarşı çıxıb, 907-ci düzəlişlə bağlı məhdudiyyətləri daim dəstəkləyib, Azərbaycana qarşı tamamilə əsassız ittihamlar səsləndirib. Lakin Menendezin özü sonradan federal səviyyədə rüşvət və korrupsiya ittihamları ilə üzləşib, məhkum edilərək siyasi etibarlılığını birdəfəlik itirib.

Həmçinin Pallone də ABŞ Konqresində Azərbaycan əleyhinə fəaliyyətin əsas fiqurlarından biri kimi çıxış edib. O, erməni diasporunun "səxavətli bəxşişləri" hesabına Azərbaycana qarşı kəskin mövqe tutub, 44 günlük Vətən müharibəsi zamanı və sonrakı mərhələlərdə ölkəmizin əleyhinə sərt bəyanatlar səsləndirib".

Deputat bildirib ki, Prezident İlham Əliyevin ötən ilin avqustunda baş tutan Vaşinqton səfəri Azərbaycan-ABŞ münasibətlərini yeni səviyyəyə yüksəldib:

"Səfər çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"nun imzalanması buna əyani sübutdur. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq ABŞ lideri "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin icrasını dayandıran sənəd imzalayıb.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç əsas istiqaməti əhatə edir:

Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin Azərbaycanda iqtisadi fəallığını artırması deməkdir.

Hər zaman strateji düşünən, uzaqgörən Azərbaycan Prezidentinin də vurğuladığı kimi, gözləntimiz regionda sülh və inkişafla assosiasiya olunan yeni reallıqlar fonunda 907-ci düzəlişin tamamilə ləğv edilməsidir".

Seçilən
40
4
far.az

6Mənbələr