AZ

Merts Qrenlandiyanın kimə məxsus olduğunu açıqlayıb

Almaniya kansleri adanın taleyinin xalq tərəfindən müəyyənləşdirilməli olduğunu vurğulayıb...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Qrenlandiyanın öz xalqına məxsus olduğunu bəyan edib. O, bu fikri X sosial şəbəkəsində paylaşdığı açıqlamada ifadə edərək Arktika regionunda təhlükəsizlik məsələlərinin Avropa üçün mühüm prioritet olaraq qaldığını bildirib.

Mertsin sözlərinə görə, Avropa ölkələri bu məsələdə ortaq mövqedən çıxış edir: “Arktikada təhlükəsizlik Avropa üçün vacib olaraq qalır. Biz hamımız razıyıq ki, Danimarka, o cümlədən Qrenlandiya NATO-nun bir hissəsidir. Arktikanın təhlükəsizliyi NATO üzrə tərəfdaşlarla, o cümlədən ABŞ-lə birlikdə təmin edilməlidir”.

Bu açıqlama ABŞ prezidenti Donald Trampın son bəyanatları fonunda səslənib. Tramp daha əvvəl Avropa İttifaqının müdafiə baxımından ABŞ-nin Qrenlandiyaya sahib olmasına ehtiyac duyduğunu iddia edib. Onun sözlərinə görə, Çin və Rusiyaya məxsus gəmilər artıq Danimarkaya aid olan ada ətrafında fəallıq göstərir.

Eyni zamanda, ABŞ prezidentinin müşaviri, Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller də diqqətçəkən paylaşım edib. O, X sosial şəbəkəsində Qrenlandiyanın ABŞ bayrağının rəngləri ilə göstərildiyi xəritəni yayımlayaraq paylaşımı “soon”, yəni “tezliklə” sözü ilə müşayiət edib. Bu addım ABŞ-nin Qrenlandiya ilə bağlı planlarına eyham kimi dəyərləndirilib.

Qeyd olunur ki, Qrenlandiya rəhbərliyi də yaranmış gərginlik fonunda mövqe bildirib. Ada hökumətinin baş naziri daha əvvəl ABŞ-dən səslənən bəyanatlardan sonra ictimaiyyəti panikaya qapılmamağa çağırıb və Qrenlandiyanın gələcəyi ilə bağlı qərarların yalnız ada xalqının iradəsi əsasında verilməli olduğunu vurğulayıb. Analitiklərin fikrincə, Qrenlandiya ətrafında artan beynəlxalq diqqət Arktika regionunda geosiyasi rəqabətin dərinləşdiyini göstərir.

Poliqon.info

Seçilən
73
poliqon.info

1Mənbələr