Regional nəqliyyat bazarında Azərbaycanın tranzit potensialından tam istifadə olunması üçün strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi davam etdirilir. Azərbaycanın tranzit potensialı regional nəqliyyat bazarında planlı şəkildə istifadə olunur. Bu istiqamətdə əsas çərçivəni isə “Logistika və ticarətin inkişafına dair” strateji Yol Xəritəsi müəyyən edir. Hazırda yol xəritəsində nəzərdə tutulan tədbirlərin ardıcıl şəkildə icrası davam etdirilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov deyib.
O bildirib ki, bu tədbirlər çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsi, mövcud infrastrukturun modernləşdirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və rəqəmsal həllərin tətbiqi kimi mühüm işlər həyata keçirilir.
“Bunun nəticəsində yük axınlarının Azərbaycandan keçid imkanları artır, tranzit vaxtı azalır və xidmət keyfiyyəti yüksəlir. Eyni zamanda Azərbaycan region ölkələri ilə əməkdaşlığı gücləndirməklə nəqliyyat marşrutlarını daha cəlbedici edir, tranzit proseslərinin koordinasiyasını yaxşılaşdırır və beynəlxalq daşımalar üzrə rəqabət qabiliyyətini artırır. Beləliklə, strateji tədbirlərin icrası sayəsində Azərbaycanın tranzit potensialı regional nəqliyyat bazarında daha səmərəli istifadə edilir və ölkənin mühüm logistika mərkəzi kimi mövqeyi möhkəmlənir”, - deyə ABADA prezidenti əlavə edib.