Venesuelalı Nobel Sülh Mükafatı laureatı, hazırda mühacirətdə olan Maria Korina Maçado ABŞ tərəfindən Prezident Nikolas Maduronun həbs edilməsindən sonra verdiyi ilk müsahibədə vətəninə qayıdacağını bəyan edib. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, 58 yaşlı və üç uşaq anası olan mühacir siyasətçi Prezident Donald Trampı tərifləyib və Venesuelada seçkilər keçirilməsini tələb edib.
“Biz inanırıq ki, bu keçid dövründən çıxmalıyıq” - deyə Maçado ABŞ-ın “Fox News” telekanalına verdiyi müsahibədə bildirib. O əlavə edib: "Biz (2024-cü ildə) saxtakarlıq şəraitində keçirilən seçkilərdə böyük fərqlə qalib gəldik. Azad və ədalətli seçkilərdə səslərin 90 faizindən çoxunu qazanacağıq”.
Maçado Nobel mükafatının elan edildiyi 10 oktyabrdan bəri Trampla danışmadığını bildirib. O, ABŞ-ın hər hansı yeni seçkilərdən əvvəl Venesuelanın problemlərinin həllinə kömək etməli olduğunu deyib və səsvermə üçün 30 günlük vaxtı qeyri-real adlandırıb.
Donald Tramp isə NBC telekanalına bildirib: “Əvvəlcə, biz bu ölkədə normal şərait yaratmalıyıq. Hazırda ədalətli seçki keçirilə bilməz. İnsanların səs verməsinin adekvat yolu yoxdur”. Bununla yanaşı, ABŞ Prezidenti Maçadonun Venesuelada nüfuz sahibi olmadığını da bəyan edib. ABŞ administrasiyası müvəqqəti Prezident Delsi Rodrigez ilə əməkdaşlığa ümid edir.
Maçado indiyədək harada olduğunu bildirməyib. Maduro hökuməti həbs olunması üçün onun barəsində axtarış elan etmişdi. Nobel Mükafatı laureatı Sosialist Partiyasının sadiq üzvlərinin indi də hakimiyyətdə qaldığı Venesuelaya qayıtmaq planları barədə daha dəqiq məlumat verməyib.