AZ

Auditorlar Palatası vergi şəffaflığının artırılması üçün hansı institusional dəyişikliyi zəruri sayır?

Bakı, 6 yanvar, AZƏRTAC

Şirkətlərin vergi öhdəliklərində qeyri-şəffaflıq halları auditorlar üçün bir neçə əsas çətinlik yaradır. Məlumatların tam olmaması bəzən onların vergi öhdəliklərini tam açıqlamaması ilə nəticələnir ki, bu da audit zamanı risklərin düzgün qiymətləndirilməsinə mane olur.

Auditorlar Palatasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, sistemli yoxlamaların əskikliyi vergi hesabatları, əməliyyatlar üçün vahid və standartlaşdırılmış yoxlama mexanizmlərinin hələ tam formalaşmaması ilə bağlıdır. Gecikmiş və ya qeyri-dəqiq məlumat axını isə hesabatların vaxtında təqdim olunmaması səbəbindən audit prosesini uzadır və risklərin vaxtında müəyyənləşdirilməsini çətinləşdirir. Qeyd edilib ki, Auditorlar Palatası vergi şəffaflığının artırılması üçün bir sıra institusional dəyişiklikləri zəruri sayır.

“Sahibkarlar üçün əlverişli vergi mühitinin yaradılması məqsədilə vergi prosedurlarının sadələşdirilməsi, vahid elektron platformanın inkişafı və şəffaf fəaliyyət göstərən sahibkarlar üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi tövsiyə olunur. Rəqəmsal vergi hesabatlığının tətbiqi vergi məlumatlarının vahid elektron platformada toplanmasını və real vaxt rejimində izlənməsini təmin etməli, bu da auditorlara məlumatlara operativ çıxış imkanı verərək şəffaflığı artırmalıdır. Daxili vergi nəzarətinin gücləndirilməsi üçün şirkətlərdə vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin edən daxili prosedurların yaradılması və audit üçün standart formaların tətbiqi vacib hesab olunur. Şəffaflıq mədəniyyətinin təşviqi çərçivəsində dövlət və Auditorlar Palatası səviyyəsində şirkətlərdə vergi mədəniyyətinin artırılması, ictimai hesabatlılığın təşviqi və məlumatların açıqlanmasının önəmi vurğulanmalıdır. İnzibati nəzarət və qanun pozuntularının azaldılması üçün inzibati nəzarət mexanizminin sadələşdirilməsi, məsələn, şikayətlərin 60 iş günü ərzində baxılması müddətinin qısaldılması qanunsuz hərəkətlərin və hesablamaların daha tez aradan qaldırılmasına kömək edə bilər”, - deyə qurumdan bildirilib.

Bundan başqa, vergi qanunvericiliyi ilə bağlı müxtəlif yanaşmaların aradan qaldırılması məqsədilə qanunların tətbiqi üzrə vahid və standart yanaşmaların formalaşdırılmasının vergi şəffaflığını artıracaq: “Sahibkarların hüquqi mühitə, xüsusilə məhkəmə sisteminə inamının artırılması isə onların hüquqlarının daha effektiv qorunmasını təmin edəcək və digər dövlət orqanları ilə əlaqələrin səmərəliliyini yüksəldərək biznesin daha şəffaf və riskləri azaldılmış mühitdə fəaliyyətinə imkan verəcək. Bu dəyişikliklər tətbiq olunduqda həm audit prosesinin keyfiyyəti yüksələcək, həm də iqtisadi mühitdə etibarlılıq və şəffaflıq güclənəcək. Sadalanan yanaşmalar auditorların işini asanlaşdırmaqla yanaşı, sahibkarların könüllü uyğunluğunu artıraraq vergi bazasının genişlənməsinə də töhfə verəcək”.

Seçilən
95
azertag.az

1Mənbələr