“Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir”.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, iqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur:
“Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir.
Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”.
Beləliklə, Prezident İlham Əliyev növbəti dəfə məmurlara ciddi xəbərdarlıq edərək dövlət idarəçiliyində məsuliyyətin və şəffaflığın vacibliyini bir daha vurğuladı.
Dövlət başçısı bildirib ki, vəzifəli şəxslər öz səlahiyyətlərini şəxsi maraqları üçün deyil, xalqın rifahı naminə istifadə etməlidirlər. Ölkə rəhbəri xüsusilə regionlarda, yerli icra hakimiyyəti orqanlarında əhalinin problemlərinə laqeyd münasibətin olmasını tənqid edib.
Prezident qeyd edib ki, məmurlar vətəndaşlarla ünsiyyətdə olmalı, onların problemlərini dinləməli və həll etməyə çalışmalıdırlar. Bu xəbərdarlıq bir daha atılan addımların məqsədi idarəetmə keyfiyyətini yüksəltmək, korrupsiyaya qarşı sıfır tolerantlıq prinsipini davam etdirmək və dövlət məmurlarını xalqla daha da yaxınlaşdırmaqdır.
Bunlar həm də vətəndaş məmnunluğunun artırılması və sosial ədalətin təmin olunması istiqamətində də yüksək qiymətləndirilir. Yəni Prezidentin xəbərdarlığı məmurlar üçün daha bir ciddi siqnaldır.
Milli Məclisin deputatı Tahir Rzayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə çox vacib və əhəmiyyətli məsələlərə toxundu:

“Cənab Prezident dünyada baş verən reallıqları dəyərləndirib və bir daha görülən işlərin proqramını aydın şəkildə şərh etdi. Müsahibədə məmurların öz vəzifələrinə məsuliyyətlə yanaşmaları və edilən xəbərdarlıqlardan nəticə çıxarmaları bir daha qeyd edildi. Onlara xəbərdarlıq olunaraq öz işlərində dönüş yaradılması tapşırıldı.
Sözsüz ki, İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündən bu mövqedədir. Aşkarlıq, şəffaflıq, məsuliyyət və insanlara qayğı dövlət rəhbərinin daimi diqqət mərkəzində olub. Bu amallar əməli fəaliyyətdə də özünün ifadəsini tapıb. Cənab Prezidentin öz işinə məsuliyyətsiz yanaşan məmurların cəzalandırılması bunu növbəti dəfə sübut edir”.
Millət vəkili diqqətə çatdırıb ki, ölkə rəhbəri bu dəfə də məmurlara ciddi xəbərdarlıq etdi:
“Çünki bu gün dünyada baş verən hadisələr, bəzi ölkələrdə böhran və müharibələrin yaşanması hər bir məmurdan dövlətin, xalqın mənafeyi baxımından ciddi mübarizə aparmağı tələb edir. Vəzifədə olan məmur öz məsuliyyətini lazımınca qiymətləndirmirsə, dövlətin ümumi mənafeyinə xələl gətirmiş olur. Ona görə də cənab Prezident hər çıxışında bu məsələni gündəmə gətirir və xatırlatmalar edir. Əlbəttə ki, bu xatırlatmalar insanların mənafeyinin və həyatlarının yaxşılaşdırılmasının xeyrinədir”.
Tahir Rzayev əlavə edib ki, problemlərə yol verilməsi, insanlara qayğısızlıq, eləcə də müəyyən məsələlərdə obyektiv mövqe tutmamaq dövlətin ziyanınadır:
“Bu isə daha ciddi problemlərə gətirib çıxara bilər. Məhz bunun nəticəsidir ki, son illərdə çox sayda dövlət məmuru məsuliyyətə cəlb olunublar. Onlar arasında işdən azad edilənlər, töhmət alanlar və həbs olunanlar var. Buna görə də dövlət başçısının bu xəbərdarlığından hər bir dövlət məmuru, eləcə də hansısa vəzifə sahibi olan hər kəs ciddi nəticə çıxarmalıdır”.