Venesuela vitse-prezidenti Delsi Rodriges bazar ertəsi ABŞ tərəfindən əsir götürülən Venesuela prezidenti Nikolas Maduronun müvəqqəti varisi kimi and içib.
Sitat.info-nun NBC News-a istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, Rodriges ABŞ-la əməkdaşlıq edir.
Bununla belə, Tramp Maduronun devrilməsindən əvvəl onun yaxın çevrəsi ilə heç bir təmasın olmadığını qeyd edib.
O əlavə edib ki, Rodrigesə qarşı sanksiyaların qüvvədə saxlanılması və ya ləğv edilməsi ilə bağlı qərar yaxın vaxtlarda veriləcək.
Hər hansı venesuelalı rəsmi ilə Maduronun hakimiyyətdən uzaqlaşdırılması barədə razılaşmanın olub-olmadığı sualına Tramp müsbət cavab verib və bildirib ki, bunu istəyən çox adam var. O, həmçinin bu prosesin Maduronun yaxın çevrəsinin köməyi olmadan həyata keçirildiyini iddia edib.
ABŞ prezidenti Rodrigeslə artıq danışıb-danışmadığını deməsə də, ABŞ dövlət katibi Marko Rubionun onunla səlis ispan dilində danışdığını və aralarındakı münasibətlərin çox güclü olduğunu vurğulayıb.
Bundan əlavə, Tramp Rodriges ABŞ rəsmiləri ilə əməkdaşlığı dayandırarsa, ABŞ-ın Venesuelada ikinci hərbi müdaxilə həyata keçirə biləcəyinə işarə edib, lakin bunu zəruri hesab etmədiyini bildirib.
Eyni zamanda, ABŞ prezidenti Venesuelaya ABŞ qoşunlarının ikinci dəfə göndərilməsini əvvəlcədən gözlədiyini də qeyd edib.
Aytac,
Sitat.info