AZ

Çin diplomatı: Heç bir ölkə dünya polisi deyil VİDEO

Pekin, 6 yanvar, AZƏRTAC

Heç bir ölkə dünya polisi kimi çıxış edə bilməz və heç bir dövlət beynəlxalq hakim roluna iddia edə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikri Çinin BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Sun Ley BMT Təhlükəsizlik Şurasının Venesueladakı məsələyə dair fövqəladə iclasında deyib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Venesuelaya qarşı hərbi fəaliyyətini sərt tənqid edən Çin diplomatı ölkəsinin Birləşmiş Ştatların hərəkətlərini qətiyyətlə pislədiyini deyib. O, ABŞ-ı Venesuelanın suverenliyini, təhlükəsizliyini, qanuni hüquq və mənafelərini əsassız olaraq tapdalamaqda, beynəlxalq münaqişələrin sülh yolu ilə həlli prinsiplərini və beynəlxalq münasibətlərdə güc tətbiqi qadağasını pozmaqda ittiham edib. “Bu prinsiplər BMT Nizamnaməsinin əsas müddəalarını təşkil edir, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının təməl daşıdır. ABŞ öz gücünü çoxtərəflilikdən, hərbi əməliyyatları isə diplomatik səylərdən üstün tutaraq, Latın Amerikası və Karib dənizi bölgəsində, hətta beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Çin buna qətiyyətlə qarşı çıxır", - deyə Sun Ley bildirib.

O, Amerika Birləşmiş Ştatlarını beynəlxalq ictimaiyyətin səsini dinləməyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməyə, digər ölkələrin suverenliyinə və təhlükəsizliyinə müdaxiləni dayandırmağa, dialoq və danışıqlar yolu ilə siyasi qərarlar yoluna qayıtmağa çağırıb.

“Çin Venesuela hökumətini və xalqını, suverenliyini, təhlükəsizliyini, qanuni hüquq və mənafelərini qorumasını qətiyyətlə dəstəkləyir”, - deyən Sun Ley əlavə edib ki, ölkəsi Latın Amerikası və Karib dənizinin sülh zonası statusunu müdafiə edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
104
1
azertag.az

2Mənbələr