Prezident İlham Əliyev ötən ilin son günündə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət etdi.
Prezident müraciətində 2025-ci il ərzində dövlətimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsi və xalqımızın firavan yaşaması üçün görülmüş işlərdən danışdı. Ötən il qazanılmış uğurlardan söz açan Prezident İlham Əliyev müraciətinin əvvəlində bildirdi ki, 2025-ci il arxada qaldı. Ölkəmiz, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır.
2025-ci il bir çox tarixi hadisə ilə yanaşı, şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığı tarixi Zəfərin beşinci ildönümünün böyük təntənə ilə qeyd olunması ilə xalqımızın yaddaşında qaldı. Xatırladaq ki, ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi. Xalqımızın böyük sevinclə qarşıladığı hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak etdilər.
Prezident İlham Əliyev xalqa müraciətində qürur dolu həmin günü xatrılayaraq bildirdi ki, biz şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etdik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi.
Dövlətimizin başçısı xalqa müraciətində 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edən, erməni işğalçılarını diz çökdürən, millətimizə Zəfər sevinci yaşadan rəşadətli Azərbaycan Ordusunun gündən-günə artan gücünü xüsusi olaraq vurğulayaraq dedi ki, son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir: "Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda xaricdən aldığımız silah və texnikanı ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. "Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, "kim güclüdür, o da haqlıdır" prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".
Erməni işğalçıları üzərində qazanılmış Zəfərin beynəlxalq müstəvidə də təsdiq olunması üçün ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu işlər aparılmışdır. Dövlətimizin başçısı müraciətində bu vacib məsələni də xalqımızın diqqətinə çatdıraraq demişdir ki, biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir.
Prezident İlham Əliyev xalqa müraciətində İkinci Qarabağ müharibəsindən sonra 30 ilə yaxın torpaqlarımızı işğalda saxlamış Ermənistanla aparılan sülh danışıqlarından, bu danışıqlarda əldə olunan uğurlardan da söz açdı. Dövlətimizin başçısı bildirdi ki, zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq.
Dövlətimizin başçısı müraciətində qələbənin asanlıqla qazanılmadığını vurğulayaraq bildirmişdir ki, döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır.
Prezident İlham Əliyevin müraciətindən də aydın göründüyü kimi, ötən il xalqımız üçün çox uğurlu il olmuşdur. Bütün sahələrdə bir-birindən ürəkaçan uğurlar qazanılmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, əldə olunan uğurların bünövrəsində heç bir qüvvənin sarsıda bilməyəcəyi güc olan xalq-iqtidar birliyi dayanır. Zaman keçdikcə bu birlik daha da möhkəmlənir, daha da bərkiyir. Xalq öz Liderinə inanır, onun uğurla həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən bəyənir və alqışlayır. Deməli, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da böyük uğurlar, zəfərlər qazanacaq və daha firavan yaşayacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"