ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakının Xətai rayonunda “Damla” kafesində baş verən mübahisə sonda cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 17 iyun 2022-ci ildə baş verib. Qubadlı rayon sakini Seymur qohumunun icarəyə götürdüyü “Damla” kafesində olarkən, dostları ilə birlikdə nahar edən Şahinin mübahisə yaratdığını görüb. Bu zaman o, Şahinin hesabı ödəməyərək əsassız mübahisə etdiyi üçün yaratdığı münaqişəyə müdaxilə edib. Qisas almaq məqsədilə istintaqa məlum olmayan bərk küt əşya ilə onu vurub. Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, yeznəsi işlətmək üçün icarəyə kafe götürüb : “Mən də həmin kafedə ona işlərində kömək etmişəm. Hadisə günü yeznəm kafedə qalmağımı xahiş etdi və bildirdi ki, bazarlıq üçün gedərək alış-veriş edəcək. Mən də kafeyə gəldim və orada gördüm ki, yeznəm yerdə uzanıb və Şahin də əlini gözünə tutaraq stolda oturub. Şahinin gözündən qan gəldiyini bilməmişəm. Mən içəri girəndə içəridə yeznəm, Şahin və 2 nəfər polis işçisi olub. Daha sonra Şahini xəstəxanaya, yeznəmi isə polis idarəsinə apardılar. Hadisədən 1 həftə sonra məni polis idarəsindən çağıraraq izahatımı aldılar, sonra sərbəst buraxdılar”. Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Tatarıstana gedib və orada işləməyə başlayıb: “Orada olduğum vaxt polis əməkdaşları mənim əvvəllər yaşamış olduğum evə gəldilər və bildirdilər ki, bu işə görə “İnterpola” axtarışına verilmişəm. Daha sonra ölkəyə geri qayıdaraq polis idarəsinə getdim. Mən hadisənin baş verdiyi gün kafeyə nahardan sonra gəlmişəm. Şahini də ilk dəfə orada görmüşəm. Sübhan ilə münasibətlərim yaxşı olmasına baxmayaraq polis mənə bildirdi ki, adımı Sübhan verib. Sübhana zəng edərək səbəbini soruşdum. O, da məcburiyyət qarşısında qalaraq adımı verdiyini bildirdi”.İş üzrə zərərçəkmiş Şahinin sözlərinə görə, iyunun 17-də, saat 12 radələrində “Damla” kafesində tanışları - Qəhrəman və Bayram ilə birlikdə yeyib-içib: “Daha sonra ilk öncə Bayram, sonra isə Qəhrəman kafedən getdi. Buna səbəb Qəhrəman ilə Bayramın Rusiya-Ukrayna müharibəsini ucadan müzakirə edərkən kafeni işlədən şəxsin onların əyləşdiyi masaya gələrək irad bildirməsi olub. Bizə irad bildirildikdən sonra Qəhrəman və Bayram kafedən getdi. Mən isə kafedə qaldım. Bir müddət sonra adını bilmədiyim ofisiant yaxınlaşdı və hesabı məndən tələb etdi. Mən isə ofisianta çay gətirməyini bildirdim. Ofisiant isə çay gətirməkdən imtina etdi. Mən də onun üstünə qışqırdım. Bu zaman mənim üzərimə hücum çəkildi. İlk öncə üzərimə hücum çəkənlərdən biri əlində olan hansısa əşya ilə gözümdən və sifətimdən vurdu. Zərbənin təsirindən yerə yıxıldıqdan sonra həmin şəxslər məni yerdə təpiklədilər. Bir müddət sonra kafeyə polis əməkdaşları gəldi və məni xəstəxanaya çatdırdılar”.
Zərərçəkmiş qeyd edib ki, zərbənin təsirindən huşunu itirib və yerə yıxıldığı üçün onu təpikləyən şəxsləri görə bilməyib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq olmaqla 3 il
6 ay şərti cəza təyin olunub. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.