AZ

Kremldə Maduronun devrilməsi səbəbindən neft qiymətlərinin düşəcəyindən qorxurlar

Aparıcı rusiyalı analitiklər ABŞ prezidenti Donald Trampın planlarının Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirlər. Məsələ ondadır ki, Venesuela dünyada ən böyük neft ehtiyatlarına malikdir, lakin ərəb ölkələri və Rusiya ilə müqayisədə onu cüzi həcmdə ixrac edir. Dövlət neft şirkəti PDVSA dağılmış və qeyri-peşəkar qurum hesab olunur. ABŞ sanksiyaları ixracı daha da çətinləşdirirdi. Lakin Venesuelanın neft ehtiyatları — Amerika konsernlərinin mənimsəyə biləcəyi nəhəng potensialdır. Tramp niyyətlərini gizlətmir və artıq bəyan edib:

“Biz ölkəyə çox iri neft şirkətlərimizi göndərəcəyik…”.

NOCOMMENT.az xəbər verir ki, bu, Rusiya üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Neftin qiymətindən Rusiya büdcəsində pensiyalar, dövlət aparatı və müharibə üçün kifayət qədər vəsaitin olub-olmaması asılıdır. Rusiya Maliyyə Nazirliyi 2026-cı il büdcəsini planlaşdırarkən Urals markalı neftin bir barelinin qiymətini 59 dollar götürmüşdü, lakin hazırda bu göstərici 50–52 dollar səviyyəsindədir. Qiymət daha da aşağı düşərsə, büdcə dərin kəsirlə üzləşəcək.

Rusiyanın maliyyə portalı finance.mail.ru-da Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yușkov ABŞ-ın Venesueladakı əməliyyatından hələ əvvəl belə demişdi: “Bizim üçün iqtisadi və siyasi baxımdan Maduronun hakimiyyətdə qalması vacibdir”. Yușkov ehtiyat edir ki, Maduronun devrilməsi Rusiya ilə bağlı gələcək addımlar üçün nümunə ola bilər. Onun fikrincə, vacib məqam ABŞ-ın əvvəlcə diktator rejimini neft sektoruna qarşı sanksiyalarla zəiflətməsidir: “Bu, amerikalılar və avropalılar üçün siqnaldır ki, eyni şey Rusiya ilə də baş verə bilər”.

ABŞ-ın uğurlu əməliyyatından sonra digər rusiyalı iqtisadçı Sergey Suverov “Arqumentı i Faktı” qəzetinə bildirib ki, o, neft qiymətlərinin düşəcəyini gözləyir: “Yaxın iki-üç il ərzində bu, onlara [yəni amerikalılara — red. qeydi] dünya bazarında tədarükü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”.

Diqqətçəkən məqamlardan biri də rusiyalı oliqarx Oleq Deripaskanın Telegram kanalındakı paylaşımıdır: “Görünür, onların planı neftimizin qiymətinin barel üçün 50 dollardan yuxarı qalxmamasına nəzarət etməkdir”. Onun fikrincə, bu, Kremli xərcləri azaltmağa, dövlət mülkiyyətini satmağa və ya özəl sektoru daha ağır vergilərlə yükləməyə məcbur edəcək. Bütün bunlar isə amerikalıların “dünya neft ehtiyatlarının yarıdan çoxuna nəzarət etməsi” ilə bağlıdır.

Seçilən
74
nocomment.az

1Mənbələr