London, 5 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Qrenlandiyanın gələcəyi ilə bağlı qərarı yalnız Qrenlandiya və Danimarka verməlidir.
AZƏRTAC xəbər verir ki, o, bu fikirləri BBC-yə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın milli təhlükəsizlik baxımından ABŞ-a lazım olduğu barədə növbəti açıqlamasından sonra səsləndirib.
Qeyd edək ki, son dövrlərdə ABŞ Prezidenti və onun administrasiyasının yüksəkvəzifəli üzvləri yarımmuxtar Danimarka ərazisi olan Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ehtimalını dəfələrlə gündəmə gətiriblər. Həm Qrenlandiyanın, həm də Danimarkanın Baş nazirləri bu ideyanı qətiyyətlə rədd ediblər.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Trampın son açıqlamalarına cavab olaraq “artıq bəsdir” deyib və adanın ABŞ-ın nəzarətinə keçməsi fikrini “fantaziya” adlandırıb. Danimarkanın Baş naziri Mette Frederiksen isə vurğulayıb ki, “ABŞ-ın Danimarka krallığına daxil olan üç xalqdan hər hansı birini anneksiya etmək hüququ yoxdur”.
Kir Starmer bildirib ki, Qrenlandiyanın gələcəyini yalnız Qrenlandiya və Danimarka Krallığı müəyyən etməlidir: “Danimarka Avropada bizim yaxın müttəfiqimizdir, NATO üzvüdür və Qrenlandiyanın gələcəyinə yalnız Qrenlandiyanın özü və Danimarka Krallığı qərar verməlidir”, - deyə Baş nazir qeyd edib.
Baş nazir, eyni zamanda, ABŞ-ın son günlər Venesuela Prezidenti və onun həyat yoldaşı ilə bağlı atdığı addımların beynəlxalq hüquqa uyğunluğu məsələsində daha ehtiyatlı mövqe sərgiləyib. O bildirib ki, ABŞ gördüyü tədbirlərə aydınlıq gətirməlidir və Böyük Britaniya hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Bununla belə, Kir Starmer ABŞ-ın bu məsələdə beynəlxalq hüquqa uyğun davranıb-davranmadığı ilə bağlı konkret mövqe bildirməkdən yayınıb və Venesulada “sülh yolu ilə demokratiyaya keçidə” çağırış edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London