Venesuela Prezidenti Nikolas Maduronun öz ölkəsində ABŞ-nin xüsusi hərbi əməliyyatı nəticəsində həbs olunaraq Amerikaya aparılması dünyada böyük rezorans doğurub.
Bəs ABŞ tərəfindən müstəqil bir ölkənin liderinin tutulması beynəlxalq hüquqa nə dərəcədə uyğundur?
Politoloq Əli Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, hal-hazırda Venesuela Prezidenti Nikolas Maduronun tutularaq Amerikaya aparılması dünyanın ən çox müzakirə etdiyi bir hadisədir:
"Təbii ki, bu məsələyə amerikalıların öz yanaşması var, dünyanın fərqli dövlətlərinin fərqli baxışları var. Məsələn, bu gün Venesuelada olan xalqın bir hissəsi Maduronu müdafiə edir və onun geri qaytarılmasını tələb edir. Dünyada olan venesuelalıların da əhəmiyyətli bir hissəsi bu hadisədən məmnundurlar, sevinirlər, vətənə qayıdacaqlarını bəyan edirlər. Venesuelanın hardasa 28 milyona yaxın əhalisi var, onun 8 milyonu ölkədən çıxıb. Bunun iqtisadi-sosial səbəblərlə bağlı olduğu deyilir, amma eyni zamanda rejimin təqiblərindən gedənlərin də az olmadığı bildirilir. Yəni məsələyə münasibət birmənalı deyil".
Onun sözlərinə görə, məsələyə beynəlxalq hüquq baxımından yanaşsaq, normalda suveren bir dövlətin prezidentinin başqa dövlət tərəfindən tutulub aparılması beynəlxalq hüquqa ziddir:
"Amma amerikalılar fərqli yanaşırlar. Onlar hesab edirlər ki, Maduro narkokartel rəhbəridir və həmin karteli də onlar xarici terror təşkilatlarının siyahısına salıblar. Yəni Amerika qanunvericiliyi ilə beynəlxalq terror təşkilatları onların hədəfində ola bilər. Yəni Amerika qanunvericiliyi Amerika hökumətinə bu ixtiyarı verir. Yəni bir növ Amerika daxili hüququ ilə buna baza hazırlayıblar. Uzun müddətdir ki, Maduronun "Günəş Karteli"nin rəhbəri olması və ümumiyyətlə narkotik terroru ilə məşğul olmasına dair iddialar var idi. İndi bu nə qədər doğrudur, yalandır, onu yəqin ki, məhkəmə müəyyən edəcək. Artıq səhv etmirəmsə, bu gün məhkəməyə çıxarılacaq. Hər halda, bu hadisə beynəlxalq hüquq baxımından arzulanan bir insident deyil. Çünki biz uzun müddətdir Rusiyanı qınayırdıq ki, Rusiya suveren bir dövlətə hücum edib, Ukraynanı işğal etmək istəyir. İndi təxminən onun bir versiyasını da Amerika həyata keçirdi".
Əli Mustafa bu hadisənin presedent yaradacağından da narahatlığını ifadə etdi:
"Çin ABŞ-nin bu addımına etiraz etdi, amma sabah Çin də Tayvana eyni hərəkəti edə bilər. Əslində bu, böyük dövlətlərin, böyük güclərin bir növ başqa kiçik dövlətlərə hücum etməsinin önünü açdı. Bu baxımdan əlbəttə arzulanan bir hadisə deyil. Amma digər tərəfdən nəzərə alsaq ki, bəzən hüquqla siyasət uzlaşmır, üz-üzə düşmür, Amerikanın siyasi maraqları baxımından baxanda bu anlaşılandır. Amerika Cənubi Amerikada da onun maraq dairəsində olmayan dövlətlərin onun maraq dairəsinə qaytarılmasına çalışır".
Müsahibimiz qeyd etdi ki, hazırda Venesuelanın əsas ticarət ortağı Çindir:
"Onun istehsal etdiyi neftin hardasa 80-85 faizini Çin alır. Yəni Amerika burada Çinin, Rusiyanın mövqeyini zəiflətməyə çalışır və Maduro hakimiyyətinin də devrilməsinin yəqin ki, əsas səbəblərindən biri Amerikanın geosiyasi, iqtisadi maraqlarıdır. Amerika şirkətləri də vaxtilə Venesuelada neft çıxarılmasında iştirak edib, amma 1998-ci ildən sonra, Uqo Çaves hakimiyyətə gələndən sonra Amerika şirkətləri ordan çıxarılıb. Yəni öz iqtisadi maraqlarını da bununla təmin etməyə çalışır. Venesuela dünyanın ən zəngin neft ölkəsi hesab olunur, onun ehtiyatları hardasa 300-500 milyard barel miqdarında qiymətləndirilir. Yəni bu neftə Amerikanın hakim olunması əslində dünyada neft bazarına hakim olmaq, neft qiymətlərini tənzimləmək, Çin və Rusiya ilə daha rahat danışmaq və onlara daha ciddi təsir, təzyiq etmək imkanı verir. Amerika özünün siyasi istəkləri ilə hərəkət edir, amma beynəlxalq hüquq baxımından da bu ciddi şəkildə tənqid olunur. Bildiyim qədər bu gün BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb, o səhv etmirəmsə, təcili iclasdır, yəni növbədənkənar iclasdır. İndi orada böyük ehtimalla bu məsələyə baxılacaq, bu məsələnin beynəlxalq hüquqa nə qədər zidd olub-olmamasına dair indi BMT Təhlükəsizlik Şurasının da bir açıqlaması, qiymətləndirməsi olacaq. Amma bütün hallarda təbii ki, beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan bir addım atılıb deyilə bilər".
Aytəkin TOFİQQIZI