Kiyev, 5 yanvar, AZƏRTAC
Ukraynalı respondentlərin 59 faizdən çoxu hesab edir ki, seçkilər müharibənin tam başa çatmasından və sülh sazişindən sonra mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu apardığı sorğunun nəticəsinə istinadla məlumat verib. Sorğunun nəticələrinə görə, ukraynalıların yalnız 10 faizi seçkilərin atəşkəsdən əvvəl keçirilməli olduğuna inanır. Həmçinin 23 faiz atəşkəs və təhlükəsizlik təminatları əldə olunarsa, seçkilərin keçirilməsini dəstəkləyir. Analitiklərin fikrincə, bu rəqəm ötən ilin mart-dekabr ayları arasında 9 faizdən 23 faizə yüksəlib.
Maraqlıdır ki, sentyabrda respondentlərin 63 faizi hərbi əməliyyatlar başa çatdıqdan sonra seçkiləri dəstəkləyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bəyan etmişdi ki, o, ABŞ və avropalı tərəfdaşlardan dəstək alacağı təqdirdə seçkilərə başlamağa hazırdır. Bu bəyanat ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyi, habelə sülh planı layihəsində müvafiq sazişin imzalanmasından sonra keçirilməsini nəzərdə tutan müddəalarla bağlı bəyanatları fonunda səslənib.
Zelenski, həmçinin Ali Radadan qanunvericiliyə lazımi düzəlişlər hazırlamağı xahiş edib. Dekabrın 22-də parlamentdə seçkilərin hərbi vəziyyətdə keçirilməsinin mümkünlüyünü araşdırmaq üçün işçi qrup yaradılıb. Ali Radanın spikeri Ruslan Stefançuk müvafiq qanunun birdəfəlik tədbir olacağını vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev