Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb. Naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33 min 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2 min Amerika Birləşmiş Ştatları dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.