UFC-də çıxış etmiş və ya hələ də çıxış edən döyüşçülərin digər liqalarda sərbəst güləş, qrepplinq və ya cüdo-ciitsu qaydaları ilə mübarizə aparması yeni trenda çevrilib.
Publika.az xəbər verir ki, bu, həm pul qazanmaq, həm də aktiv qalmaq imkanıdır. Promouterlər də razıdırlar, çünki hamıya tanış adlarla keçirilən döyüşlər diqqət çəkir. "Karate Kombat" isə bu məsələdə daha da orijinal addım ataraq 13 fevralda Mayamidə unikal qarşılaşma təşkil edəcək.
Braziliyalı döyüşçü Valter Uoker turnirdə iştirak edəcək və orada Zayon Klarkla üz-üzə gələcək. Bu döyüşün özəlliyi ondadır ki, Uokerin rəqibinin ayaqları yoxdur. Klark nadir xəstəlik - kaudal reqressiya sindromu ilə anadan olub. Qeyri-adi görünüşünə görə onun uşaqlığı çox ağır keçib. Sığınacaqda ona qarşı zorakılıq edilib, doqquz ailə dəyişib.

Zayon artıq ikinci sinifdə güləşlə məşğul olmağa başlayıb. İlk vaxtlar bu, hər kəsə qəribə görünürdü: “İlk sparrinqlərdə nə edəcəyimi bilmirdim. Rəqibim də başa düşmürdü ki, ümumiyyətlə nə baş verir. Bəzi uşaqlar mənimlə güləşməkdən qorxurdu, mən də onlarla güləşməkdən”.