Dünya Bankı Azərbaycanda birbaşa xarici investisiyalarla bağlı əsas çağırışları açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Dünya Bankı Azərbaycanda birbaşa xarici investisiyaların (BXİ) iqtisadiyyatın digər sektorlarına ötürülmə təsirinin məhdud olduğunu müəyyən edib.
Bankın hesabatına əsasən, Avropa və Mərkəzi Asiya regionunun (ECA) resurslarla zəngin ölkələrində, o cümlədən, Azərbaycanda birbaşa xarici investisiyalar əsasən neft, qaz və mədənçilik sektorlarına yönəlir. Bu investisiyalar qabaqcıl hasilat texnologiyalarının tətbiqinə və dövlət gəlirlərinin artmasına töhfə versə də, sözügedən sahələrin anklav xarakteri iqtisadiyyatın digər sektorlarına texnologiya və məhsuldarlıq ötürülməsini məhdudlaşdırır.
Dünya Bankının qiymətləndirməsinə görə, belə investisiya modeli yerli təchizatçı şəbəkələrinin formalaşmasına zəif təsir göstərir və nəticədə qeyri-neft sektorunda məhsuldarlıq artımı geniş miqyasda təmin olunmur. Hesabatda Azərbaycan bu baxımdan Qazaxıstan və Rusiya ilə eyni qrupda göstərilir.
Müqayisə üçün qeyd olunur ki, Mərkəzi Avropa ölkələrində (Macarıstan, Rumıniya və Slovakiya) istehsal sektoruna yönəlmiş birbaşa xarici investisiyalar zamanla yerli avtomobil və elektronika komponentləri istehsal edən təchizatçı şəbəkələrinin yaranmasına gətirib çıxarıb və daha güclü iqtisadiyyata ötürülmə effekti formalaşdırıb. Cənub-Şərqi Avropa və Qərbi Balkanlarda isə bu təsirlər qeyri-bərabər xarakter daşıyıb.
Dünya Bankı vurğulayır ki, birbaşa xarici investisiyaların iqtisadiyyata müsbət ötürülməsi avtomatik proses deyil və bu, yerli şirkətlərin texnoloji imkanlarından, institusional mühitdən və investisiyaların sektor bölgüsündən asılıdır. Hesabata görə, iqtisadiyyata ötürülmə effektlərinin gücləndirilməsi üçün investisiyaların istehsal və emal sahələrinə yönəldilməsi, eləcə də yerli biznesin udma qabiliyyətinin artırılması vacib şərt hesab olunur.
"Cebheinfo.az"