AZ

Birinci gündən…

Bakı, 5 yanvar, AZƏRTAC

İlk addım, ilk gün, ilk sevgi, ilk görüş...

İlk olan nə varsa doğmadır. İlk - birinci deməkdir. Birinci olmaq yazın ilk müjdəçisi kimi çiçəklərdəm nərgizin, bənövşənin, ağaclardan zoğalın, badamın, quşlardan qaranquşun bəxtinə düşüb.

Birinci olmaq hamıya, hər kəsə nəsib olan iş deyil. Birinci olmaq Adəm (ə) peyğəmbərin, Xrostofor Kolumbun, Yuri Qaqarinin, Nil Amstronqun bəxtinə düşüb.Təqvimdə birinci olmaq isə yanvar ayının bəxtinə düşüb. Yanvar ayı ilin dan yeri, həyatın təzə abzasdan başlanan ilk sətri, oxunmamış kitab, baxılmamış film kimidir. Bir az da obrazlı desək, yanvar ayı ilə başlanan təzə təqvim ilə əkilməmiş tarla, qar kimi ağappaq vərəq, yaşanmamış ömür nağılıdır.

Əgər aylar rənglərə görə ayrılsaydı, yəqin ki, yanvarın rəngi ağ olardı. Bu, təkcə yağan qar, şaxta və sazaqla əlaqədar deyil, ilin ilk ayı olduğuna görə onda bir təmizlik, duruluq, saflıq və ağlıq var. Yanvar ayı ana təbiətin sinəsinə sərilmiş ağappaq dəsmal kimidir. Amma 36 il əvvəl qar kimi ağappaq yanvar ayında atılan güllələr onun sinəsinə qırmızı şəhid qanı axıtdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın azadlığı və süverenliyi uğrunda mübarizə aparan günahsız oğlan və qızların güllüəbaran edilməsi ağ yanvarı "qara yanvara" çevirdi...

Hər ayın xoş və bəd günləri olur. Təəssüf ki, yanvar ayı da tarixdə və təqvimdə həmin məsum və qanlı gecəsi ilə qaldı.

Xalqımız Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər nəticəsində azadlıq və süverenlik, tam ərazi bütövlüyü arzusuna qovuşdu. Bu gün ölkəmizin hər yerində üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Qaçış cığırında start nöqtəsi olduğu kimi, yanvar ayı da ilin başlanğıc nöqtəsidir. Məsələ burasındadır ki, bəzən hansısa işə, tədbirə həftənin, ayın əvvəlindən başlamaq istəyirlər: "Həftənin birinci günündən başlayaram", "Ayın əvvəlindən yeni həyat tərzinə keçirəm...", "İnşallah, gələn ayın birindən...” və s.

Belə çıxır ki, yeni yaşam tərzinə qədəm qoymaq və sağlamlıq üçün də hansısa təqvim günü başlanğıc ola bilər. Hər günün öz hökmü var. Bu gün dünən deyil, sabah isə bu gün. Halbuki vacib və həyatı əhəmiyyətli işə start vermək üşün heç də hansısa tarixi gözləmək lazım deyil, elə bugünün özündən başlamaq daha yaxşıdır. Görünür ki, bu, daha çox psixoloji bir məsələdir...

İlin əvvəlində, təqvimin başlanğıcındayıq. Hələ təzə ildən bir neçə vərəq qopub düşüb. Bu il həm də ölkəmizdə “Memarlıq və Şəhərsalama İli” elan edilib. Bu il ölkəmizin gözəllik xəritəsinə yeni sosial naxışlar vurulacaq. Qarabağda və Şərqi Zəngəzurda bir-birindən abad və yaraşıqlı sosial obyektlər, yeni şəhər və kəndlər salınacaq, paytaxtın xəritəsinə yeni ünvanlar daxil olacaq. İlk addım, uğurlu başlanğıc çox şeyi həll edir. Yeni il yeni arzular, yeni ümidlər ilidir. Bu gün isə yeni ilin ilk həftəsinin ilk iş günüdür. Düzgün qoyulan təməl, etibarlı bünövrə gələcək uğurun başlanğıcı sayılır. Sevimli şairimiz Osman Sarıvəllinin unudulmaz misraları yada düşür:

Elə başlayaq ki, birinci gündən

Peşiman olmayaq sonuncu gündə!

2026-ci ilin qədəmləri uğurlu, ayağı sayalı olsun!

Seçilən
198
50
azertag.az

10Mənbələr