AZ

Avropanın strateji oyanışı: 2025-in dərsləri, 2026-nın çağırışları

Buxarest, 5 yanvar, AZƏRTAC

Rumıniyalı analitik Robert Lupitsunun geniş təhlilində 2025-ci ilin Avropa üçün strateji baxımdan dönüş nöqtəsi olduğu, 2026-cı ilin isə bu kursun dərinləşdirilməsi mərhələsi kimi formalaşacağı vurğulanır. R. Lupitsu qeyd edir ki, uzun müddət qlobal proseslərdə reaktiv mövqedə qalan Avropa İttifaqı ötən il ərzində təhlükəsizlik, enerji, iqtisadiyyat və geopolitika sahələrində daha fəal və məqsədyönlü davranış nümayiş etdirməyə başlayıb.

R.Lupitsunun fikrincə, 2025 Avropanın “strateji amorfiyadan çıxış ili” kimi xarakterizə oluna bilər. Ukrayna müharibəsi, Yaxın Şərqdə qeyri-sabitlik, qlobal enerji bazarlarında kəskin dəyişikliklər və ABŞ-Çin rəqabətinin dərinləşməsi Avropanı passiv müşahidəçi rolundan imtina etməyə məcbur edib. Bu fonda Avropa İttifaqı həm təhlükəsizlik siyasətində, həm də iqtisadi və texnoloji sahələrdə öz maraqlarını daha aydın şəkildə ifadə etməyə başlayıb.

Siyasi şərhçi vurğulayır ki, ABŞ 2025-ci ildə də qlobal nizamın əsas formalaşdırıcı oyunçusu olaraq qalıb və Avropanın təhlükəsizlik arxitekturasında həlledici rol oynayıb. Bununla belə, Avropa ölkələri artıq yalnız Vaşinqtonun qərarlarını gözləyən tərəf kimi çıxış etmək istəmir. 2026-cı ilə doğru Avropa İttifaqının məqsədi ABŞ ilə strateji tərəfdaşlığı qorumaqla yanaşı, öz daxili potensialına əsaslanan daha müstəqil qərarvermə mexanizmləri qurmaqdır.

Analizdə Rumıniyanın mövqeyinə xüsusi yer ayrılır. Robert Lupitsu qeyd edir ki, Rumıniya Avropa İttifaqına üzvlüyünün 20-ci ilinə yaxınlaşdığı bir mərhələdə regional və transatlantik təhlükəsizlik zəncirində mühüm həlqəyə çevrilir. Qara dəniz regionu, Şərqi Avropa və Balkanlar kontekstində Rumıniya həm NATO, həm də Aİ üçün dayaq nöqtəsi rolunu gücləndirir. Müəllif hesab edir ki, 2026-cı ildə Rumıniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzvlük perspektivi də ölkənin beynəlxalq çəkisini artıran amillərdən biri olacaq.

Enerji təhlükəsizliyi məsələsi təhlildə əsas istiqamətlərdən biri kimi təqdim olunur. R.Lupitsu bildirir ki, Avropa 2025-ci ildə Rusiya enerji resurslarından asılılığın azaldılması istiqamətində ciddi irəliləyiş əldə edib. Alternativ təchizat marşrutları, maye qaz terminalları, bərpa olunan enerji və transsərhəd enerji bağlantıları Avropanı geosiyasi təzyiqlərə qarşı daha davamlı edib. Müəllif bu prosesin 2026-cı ildə də davam edəcəyini və Avropanın enerji təhlükəsizliyinin artıq yalnız iqtisadi deyil, strateji məsələ kimi qəbul edildiyini vurğulayır.

Təhlildə texnologiya və sənaye siyasəti də ön plana çıxarılır. Robert Lupitsuya görə, Avropa İttifaqı 2025-ci ildə yarımkeçiricilər, süni intellekt və rəqəmsal infrastruktur sahələrində gecikmiş olsa da, sistemli addımlar atmağa başlayıb. 2026-cı ilin əsas çağırışı bu təşəbbüsləri real istehsal və qlobal rəqabət üstünlüyünə çevirmək olacaq.

Nəticə etibarilə, Robert Lupitsu hesab edir ki, 2026 Avropa üçün sınaq ili olacaq. Əgər Aİ 2025-ci ildə formalaşdırdığı strateji refleksləri qoruyub saxlaya bilsə, qlobal proseslərdə daha təsirli və müstəqil oyunçu kimi mövqeyini möhkəmləndirə bilər. Əks halda, yenidən xarici güclərin gündəmini izləyən passiv struktura çevrilmək riski qalır. Robert Lupitsunun qənaətinə görə, Avropanın gələcəyi artıq niyyətlərdən deyil, konkret və koordinasiyalı qərarlardan asılıdır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
36
50
azertag.az

10Mənbələr