BAKI, 5 yanvar. TELEQRAF
Dünya bazarlarında misin qiyməti üzrə fyuçers müqavilələrinin dəyəri artıb. Bir funt üçün 5,8 dollar təşkil edib.
Teleqraf xəbər verir ki, qiymətlərin artmasına yeni ildə tədarükün məhdudlaşacağı ilə bağlı narahatlıqlar təsir göstərib.
ABŞ-nin yeni tarif siyasəti treyderləri tədarükü məhz bu ölkənin bazarına yönəltməyə vadar edib. Nəticədə London və Şanxay kimi əsas ticarət mərkəzlərində misin təklifi azalıb.
Artıma eyni zamanda Çilinin Mantoverde mədənində baş verən tətildən sonra yaranan tədarük pozuntuları da səbəb olub. Burada həmkarlar ittifaqı üzvləri metal qiymətlərinin sürətlə artması şəraitində mənfəətdən daha böyük pay tələb edirlər.
Qeyd edək ki, ötən il misin qiyməti 40 faizdən çox artaraq 2009-cu ildən bəri ən güclü illik göstəricini nümayiş etdirib. Buna tədarük çatışmazlığı, güclü tələbat və ticarətlə bağlı narahatlıqlar səbəb olub.