İnnovativ ideyanı biznesə çevirmək hər zaman asan olmur. Xüsusilə mikro və kiçik sahibkarlar üçün maliyyə yükü çox vaxt inkişafın qarşısını alan əsas amillərdən biri hesab edilir. Amma bu maneəni aşmaq üçün fərqli dəstək mexanizmləri həyata keçirilir ki, bunlardan biri də “Startap” şəhadətnamələridir. Belə ki, vergi güzəşti əldə etmək istəyən mikro və kiçik sahibkarlar tələb olunan sənədlərlə birlikdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edərək “Startap” şəhadətnaməsi ala bilərlər. İndiyə kimi bu şəhadətnaməni alaraq vergi güzəşti əldə edən sahibkarların sayı artıq 238-ə yüksəlib. KOBİA-da təşkil edilən Ekspertlər Şurasının son iclasında KOB subyektlərindən daxil olan 29 müraciətə baxılıb və onlardan 18-i müsbət qərarla nəticələnib. Bununla da daha 18 sahibkar 3 il müddətinə mənfəət və ya gəlir vergisi ödəməyəcək.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi innovasiya fəaliyyətindən əldə olunan gəlirlərə tətbiq edilir və xüsusilə mikro və kiçik sahibkarlıq subyektləri üçün real maliyyə üstünlüyü yaradır. Digər tərəfdən, innovasiya fəaliyyətindən əldə olunan gəlirlərin üç il müddətinə vergidən azad edilməsi bir sıra layihələrin kağız üzərində qalmasının qarşısını alır.
“vergiler.az” ənənəyə sadiq qalaraq, “Startap” şəhadətnaməsi almış bir neçə sahibkarla həmsöhbət olub, onların ideyalarının necə formalaşdığını, vergi güzəştinin layihələrinə nə qazandırdığını öyrənib.
Vaxt və xərcləri azaldan innovativ platforma
Artıq tədbir ideyasından başlayaraq elan, bilet satışı, iştirakçıların idarə olunması və nəticələrin ölçülməsinə qədər bütün proseslər vahid rəqəmsal platformada birləşir. “Allin Event” tədbir təşkilatçılarını müxtəlif proqramlar, ayrı-ayrı ödəniş sistemləri və əl ilə aparılan proseslərdən azad edir. Təşkilatçı platforma üzərindən qısa vaxtda tədbir yarada, biletləri onlayn satışa çıxara, iştirakçı siyahısını real vaxtda izləyə və tədbirin gedişi ilə bağlı analitik məlumatlara çıxış əldə edə bilir. İştirakçılar isə tədbirləri asanlıqla tapır, qeydiyyatdan keçir və təhlükəsiz ödəniş edir ki, bu da həm vaxt itkisini, həm də əlavə xərcləri əhəmiyyətli dərəcədə azaldır. Startapın təsisçisi Elçin Hüseynovun sözlərinə görə, platformanın yaradılmasında məqsəd tədbir təşkilini daha sürətli, şəffaf və əlçatan etməkdir.
E.Hüseynov vurğulayır ki, “Allin Event”i fərqləndirən əsas cəhət tədbir ekosistemini bütöv şəkildə düşünməsidir. Yəni platforma təkcə tədbir elan etmək üçün nəzərdə tutulmayıb. Burada tədbir təşkilatçısı bilet satışını idarə edə, iştirakçılarla ünsiyyət qura, xidmət provayderləri ilə birbaşa əlaqə yarada və bütün maliyyə əməliyyatlarını vahid rəqəmsal cüzdan üzərindən həyata keçirə bilər. Bu yanaşma tədbir sektorunda mövcud olan parçalanmış alətləri bir sistem altında birləşdirir və prosesi daha səmərəli edir.
Yaxın zamanda “Allin Event” platformasına süni intellekt əsaslı tövsiyə mexanizmləri, avtomatik marketinq alətləri və beynəlxalq istifadəçilər üçün çoxdilli funksiyaların da əlavə edilməsi planlaşdırılır. Bununla yanaşı, mobil tətbiqin tam versiyasının istifadəyə verilməsi də əsas hədəflərdəndir ki, bu imkan sayəsində istifadəçilər tədbirlərə daha sürətli daxil ola, mobil bilet və QR-kodla giriş kimi üstünlüklərdən faydalana biləcəklər. Bütün bu yeniliklər istifadəçi təcrübəsini daha rahat və interaktiv etməyə hesablanıb.
“Startap” şəhadətnaməsi çərçivəsində tətbiq edilən vergi güzəştləri “Allin Event” üçün mühüm inkişaf imkanları yaradır. E.Hüseynov deyir ki, bu imkan hesabına maliyyə resurslarını vergilərə deyil, məhsulun təkmilləşdirilməsinə, yeni texnoloji funksiyaların hazırlanmasına və komandanın gücləndirilməsinə yönəldəcəklər. Komandanın əsas missiyası isə ilk gündən dəyişməz olaraq qalır - Azərbaycanda yaradılmış yerli məhsulu beynəlxalq bazarlara çıxarmaq.
Süni intellektlə “backend developer”lərin işi asanlaşır
Süni intellekt əsasında “backend” qurma prosesini avtomatlaşdıran “Backlify” platforması daha çox developerlərin işinə yarayacaq. Çünki bu platforma layihələrin daha tez hazırlanmasına, xərclərin azalmasına və məhsulun bazara sürətli çıxışına imkan verir. Startapın qurucusu Arif Babayev deyir ki, yaratdıqları startap “backend developer”lərin ən çox vaxt itirdiyi “backend” mərhələsini xeyli sürətləndirir. İstifadəçi qurmaq istədiyi sistemi qısa şəkildə izah edir və platforma avtomatik olaraq “database” strukturu və API-lər (Application Programming Interface - Tətbiqi Proqramlaşdırma İnterfeysi) yaradır.
Platforma süni intellektin köməyi ilə avtomatik “backend” formalaşdırır, vizual “schema” göstərir və istifadəçi dəyişiklikləri sadəcə yazmaqla edə bilir. Ən böyük fərq isə sistemin istifadəçi ilə kod yazılması yerinə dialoq əsasında yenilənməsidir. Gələcəkdə tək funksiya üçün sürətli API yaradılması, hazır autentifikasiya və ödəniş modulları, həmçinin API “marketplace” modelinin qurulması planlaşdırılır. “Backlify” veb əsaslı platformadır. İstifadəçilər “dashboard” üzərindən API-ları idarə edə, monitorinq apara və avtomatik “Swagger” dokumentasiyasına çıxış əldə edə bilirlər.
A.Babayevin sözlərinə görə, vergi güzəştləri əldə olunan gəliri məhsulun inkişafına, yeni funksiyalara və texnoloji imkanların artırılmasına yönəltməyə imkan verir. Bildirir ki, “Backlify”nin əsas funksiyaları olan ilkin versiyası artıq hazırlanıb və real istifadə ssenariləri üzrə test edilir. Hədəf Azərbaycandan çıxan, qlobal bazar üçün nəzərdə tutulan “developer” yönümlü bir məhsul yaratmaqdır.
Fermerlər üçün vahid aqrar xidmət ekosistemi
Fermerlər üçün aqronom xidməti, analiz və digər aqrar xidmətlər bir platformada birləşir. Yenicə “Startap” şəhadətnaməsi almış layihələrdən biri olan “AgroSphere” kənd təsərrüfatında rəqəmsal həllər təqdim edən innovativ platformadır. Startapın təsisçisi, Azərbaycan Dövlət Aqrar Universitetinin 3-cü kurs tələbəsi Bayram Süleymanov kənd təsərrüfatında rəqəmsal transformasiyanı sürətləndirmək və fermerlər üçün etibarlı, əlçatan platforma formalaşdırmaq üçün bu startapı yaratdıqlarını bildirir. Vurğulayır ki, bu layihə sayəsində fermerlər gündəlik qarşılaşdıqları problemləri daha sürətli və dəqiq həll edə bilirlər. Onun sözlərinə görə, torpaq, su, bitki və heyvandarlıqla bağlı xidmətlərə bir sayt üzərindən çıxış əldə olunduğundan, zaman itkisi və gözlənilməz xərclər azalır. “AgroSphere”in əsas yeniliyi aqrar xidmətləri parçalanmış şəkildə deyil, vahid ekosistem formasında təqdim etməsidir. Bu yanaşma fermer–aqronom əlaqəsini gücləndirir və daha səmərəli nəticələr əldə etməyə şərait yaradır.
Gələcək mərhələdə platformanın funksionallığının genişləndirilməsi, ağıllı analiz alətlərinin və süni intellekt əsaslı tövsiyə mexanizmlərinin tətbiqi planlaşdırılır. “Startap” şəhadətnaməsi çərçivəsində tətbiq olunan vergi güzəştləri əldə edilən resursların birbaşa layihənin inkişafına və xidmət keyfiyyətinin artırılmasına yönəldilməsinə imkan verir.
Əməkdaşlar üçün xüsusi loyallıq kartı
Şirkət əməkdaşları üçün endirim və üstünlüklər təqdim edən “Sale365” platforması da “Startap” şəhadətnaməsi əldə edən layihələr sırasındadır. Platforma yalnız “Sale365” ilə əməkdaşlıq edən şirkət və qurumların əməkdaşları üçün nəzərdə tutulub və açıq auditoriyaya xidmət göstərmir. Layihənin təsisçisi Sədan Bünyatova bildirir ki, bu tətbiq klassik kampaniya, bonus və kəşbək mexanizmlərindən fərqli olaraq, sadə, aydın və davamlı endirim modeli üzərində qurulub. Platforma əməkdaşlar üçün rəqəmsal loyallıq kartı funksiyasını yerinə yetirir və istifadəçilərə tək bir tətbiq vasitəsilə onlarla tərəfdaşın real və daimi endirimlərindən yararlanmaq imkanı yaradır.
S.Bünyatova bildirir ki, “Sale365” əməkdaşların gündəlik həyatını da xeyli asanlaşdırır. Artıq istifadəçilər endirimləri müxtəlif mənbələrdə axtarmır, bütün üstünlüklər tək bir tətbiqdə toplanır. Nəticədə vaxta və xərclərə qənaət imkanı yaradılır. Eyni zamanda, startap şirkətlər üçün əlavə maliyyə yükü formalaşdırmadan əməkdaşlara real sosial üstünlük təqdim edən effektiv HR alətinə çevrilir. Platforma istifadəçi məmnuniyyətini artırır, şirkət–əməkdaş münasibətlərini gücləndirir və loyallığı dəstəkləyir.
Startapın əsas fərqləndirici cəhəti onun şirkət–əməkdaş modeli üzərindən qurulmasıdır. “Sale365”də bonus, xal və ya kəşbək sistemi yoxdur, burada yalnız birbaşa və aydın endirimlər təqdim olunur. Artıq platformada 120-dən çox tərəfdaş mövcuddur və bütün endirimlərin şərtləri, istifadə limitləri əvvəlcədən və şəffaf şəkildə göstərilir. “Android” və iOS platformalarında mövcud olan “Sale365” mobil tətbiqi müştəriyə bir smartfon qədər yaxındır. İstifadəçilər tətbiqdəki endirimlərə istənilən vaxt və istədikləri məkandan baxa bilərlər. Burada ünvanlar, istifadə şərtləri və limitlər aydın şəkildə göstərilir, yeni tərəfdaş və təkliflər barədə bildirişlər göndərilir.
Vergi güzəştlərinə gəlincə, S.Bünyatova bunun layihənin inkişafında mühüm rol oynadığını bildirir. Vurğulayır ki, vergidən qənaət olunacaq məbləğ texnoloji inkişaf, komandanın gücləndirilməsi və platformanın funksional imkanlarının artırılmasına yönləndiriləcək. Sözsüz ki, bu da “Sale365”in ilkin mərhələdə daha çevik və dayanıqlı şəkildə böyüməsinə ciddi bir dəstəkdir.
Faiq KƏRİMOĞLU