"Məktəbdən gözləntilərimiz bəzən düzgün deyil, çünki biz məktəbə aid olmayan missiyaları ondan tələb edirik. Məktəbin əsas missiyası uşaqlara bilik, savad və öyrənmə vərdişi verməkdir. Sovet dövründə də məktəb elə bilirdilər ki, bilik, savad, təlim və tərbiyə verməlidir. Mən hesab edirəm ki, məktəbin vəzifəsi öyrənməyi öyrətməkdir və bununla işi bitir".
QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. Onun sözlərinə görə, məktəbdən uşaqların gələcəkdə professor, həkim, prokuror və ya digər peşələri seçməsi gözlənilə bilər, amma məktəb hər birini müəyyən bir kateqoriyaya yönəltməlidir deyə düşünmək düzgün deyil. Eyni müəllimdən dərs alan uşaqlar müxtəlif yollara gedə bilərlər – bəziləri akademik olacaq, bəziləri başqa sahədə, bəziləri isə cəmiyyət üçün problemli ola bilər. Bu, müəllimlərin və məktəbin günahı deyil. Məktəb öyrənməyi öyrədir, bacarığı və bilikləri formalaşdırır, amma uşağın gələcəyi və davranışı artıq onun seçimindən asılıdır:
"Təəssüf ki, məktəbdən sonra bəzən uşaqlar arasında dava, pozuntu, qanunsuz hərəkətlər baş verir. Bu, məktəbin vəzifəsi deyil. Valideynlərin rolu və cəmiyyətin məsuliyyəti burada daha önəmlidir. Müasir dövrdə informasiya və texnologiya vasitələri uşaqların davranışına təsir edir. Telefonlar, sosial şəbəkələr və digər məlumat mənbələri uşaqların gündəlik həyatında böyük rol oynayır. Tarixi baxımdan isə, insanlar indiyə qədər ən ağıllı dövrlərdən birini yaşayır. İndiki dövrdə, keçmişdəki kimi, bir tiran və ya qəbilə başçısının caprisi üçün insanların həyatına təhlükə yoxdur. İnsan hüquqları və heyvan hüquqlarını qoruyan təşkilatlar fəaliyyət göstərir. İndiki cəmiyyətdə uşaqlar və hətta heyvanlar üçün qanunsuz zorakılıq halları azalıb və ictimai nəzarət güclənib".
Deputat həmçinin bildirib ki, beləliklə, məktəbin əsas rolu uşaqlara bilik və öyrənmə vərdişi verməkdir. Onların gələcəkdəki davranışları və cəmiyyətə uyğunluğu isə yalnız məktəbin deyil, həm valideynlərin, həm də cəmiyyətin məsuliyyətidir.
Pərvanə Fərhadqızı