AZ

Tokayev Putinlə Nazarbayevin görüşü barədə danışıb

Qazaxıstan prezidenti Putinin Avrasiya inteqrasiyasının təməlində dayanan Nazarbayevi yüksək qiymətləndirdiyini bildirib...

Poliqon xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevi Avrasiya inteqrasiyasının formalaşmasının başlanğıcında dayanmış təcrübəli və uzaqgörən siyasətçi kimi qiymətləndirdiyini deyib. Tokayev bu fikirləri “Türküstan” qəzetinə verdiyi müsahibədə səsləndirib.

Qazaxıstan liderinin sözlərinə görə, Vladimir Putini dostlarına və keçmiş həmkarlarına qarşı xoşməramlı və hörmətli münasibət fərqləndirir. Tokayev diqqətə çatdırıb ki, şənbə günü – 27 dekabr tarixində iş qrafikinin son dərəcə sıx olmasına baxmayaraq, Rusiya prezidenti keçmiş həmkarı ilə sakit və tələsmədən söhbət etmək üçün vaxt tapıb.

Kasım-Jomart Tokayevin fikrincə, Vladimir Putinlə Nursultan Nazarbayev arasında baş tutmuş görüş Rusiya prezidentinin yüksək insani keyfiyyətlərə malik olduğunu göstərir. O əlavə edib ki, bu cür görüşlərin məzmunu onu maraqlandırmır və o, heç vaxt belə söhbətlərin detalları ilə bağlı suallar vermir.

Vladimir Putin və Nursultan Nazarbayevin görüşü 27 dekabr tarixində Kremlin divarları arasında keçirilib. Yayımlanan kadrlarda siyasətçilərin dairəvi masa arxasında üzbəüz əyləşdiyi, masanın üzərində süfrə ləvazimatları və qədəhlərin olduğu görünür.

Qeyd edək ki, Rusiya prezidenti ilə Qazaxıstanın sabiq lideri bundan əvvəl sonuncu dəfə 2025-ci ilin may ayında görüşüblər. Nursultan Nazarbayev 1991-ci ildən Qazaxıstana rəhbərlik edib. O, 19 mart 2019-cu ildə istefa verdiyini açıqlayıb və Kasım-Jomart Tokayevi öz siyasi varisi kimi təqdim edib.

Poliqon.info

Seçilən
66
50
poliqon.info

5Mənbələr