Kordoba Universitetinin Elektronika və hesablama texnikası kafedrası ilə Zoologiya kafedrasının alimləri arı pətəklərinin monitorinqi üçün yeni sistem hazırlayıblar. Həşəratların davranışı barədə məlumatları toplayan bu sistem pətəklərin aktivlik mərhələlərini yüksək dəqiqliklə müəyyən etməyə imkan verir və bal yığımının səmərəliliyinin artırılmasına kömək edir.
AzEdu.az 4pda.to-ya istinadən xəbər verir ki, tədqiqatçıların izahına görə, sistem iş prosesində pətəyin çəkisinin gün ərzində hər beş dəqiqədən bir necə dəyişdiyini izləyir və əldə olunan çəki əyrisini təhlil edir.
Bu yanaşma arıların cari aktivlik mərhələsi haqqında dəqiq məlumat əldə etməyə imkan yaradır. Eyni zamanda, pətəklərin əsas göstəricilərini uzaqdan müşahidə etmək də mümkündür.
Sensorlardan toplanan məlumatlardan istifadə edən alimlər çəki əyrisini təsvir edən amilləri süni intellekt alqoritmləri ilə birləşdirən xüsusi klassifikator hazırlayıblar. Bu məlumatlar arıların aktivliyi ilə əlaqələndirilərək daha dəqiq analiz aparılmasına şərait yaradır. Mütəxəssislərin sözlərinə görə, sistem xüsusilə monoflor bal istehsalı ilə məşğul olan arıçılar üçün böyük əhəmiyyət daşıyır.
Belə ki, monoflor bal vaxtında yığılmadıqda arılar digər çiçəklərdən nektar toplamağa başlayır. Nəticədə bal öz monoflor xüsusiyyətini itirir və bazar dəyəri əhəmiyyətli dərəcədə azalır.