Son aylarda kiberdələduzluq halları nəzərəçarpacaq dərəcədə artıb. Risk zonasına texnologiyadan istifadə edən hər kəs daxildir. Ən təhlükəlisi isə odur ki, qurbanların əksəriyyəti təhlükəsizlik qaydalarını bildiyini düşünən insanlardır.
QHT.az xəbər verir ki, müasir dələduzluqlar texniki sındırmaya deyil, insanın emosiyalarına əsaslanır. Sosial mühəndislik qorxu, təşviş, təcili qərar vermə və hərislik kimi hisslər üzərindən işləyir. İnsan həmin anda məntiqlə deyil, emosiyalarla qərar verir. Ən çox istifadə edilən vasitə qorxudur. “Hesabınızda şübhəli əməliyyat var” kimi zənglər insanı panikaya salır və o, məlumatlarını könüllü şəkildə ötürür. Süni intellektlə yaradılmış “qohum səsi” ilə edilən zənglər isə vəziyyəti daha da təhlükəli edir — insan səsi tanıyır, vəziyyəti yox.
Digər geniş yayılmış üsul asan qazanc vədləridir: “yalnız sizə özəl endirim”, “məhdud vaxtlı sərfəli kurs”, “qapalı kripto platforma”. Bu təkliflərdə qorxu yox, fürsəti qaçırmaq hissi əsas rol oynayır. Nəticə isə eynidir — boş hesab. Bu cür fırıldaqlardan qorunmağın əsas yolu pauzadır. Bir neçə saniyə dayanmaq, nəfəs almaq və özünə sual vermək: “Niyə bu qədər təcildir?” — çox vaxt dələduzun planını pozur. Real banklar tələsdirmir, real təkliflər bir dəqiqəyə yoxa çıxmır.
İkinci vacib addım məlumatı başqa kanaldan yoxlamaqdır: banka rəsmi nömrədən zəng etmək, qohuma öz nömrəsindən geri zəng vurmaq, linkə deyil, rəsmi sayta daxil olmaq. Dələduzlar insanı həmişə tək bir dialoqda, tək bir linkdə saxlamağa çalışırlar.
Qaydaları bilmək yetərli deyil. Emosiyaya qapıldığın an dayanmaq — bu gün ən güclü müdafiə vasitəsidir.
R.İmanov