
(Həyat dərsi)
80 yaşlı ata 45 yaşlı oğlu ilə qonaq otağında oturmuşdu. Oradan-buradan söhbət etdikdən sonra oğlu susdu. Görünür, artıq getmək istəyirdi. Bu vaxt pəncərənin qarşısına bir qarğa qondu. Yaşlı ata təbəssümlə qarğaya baxandan sonra oğlundan soruşdu:
- Oğlum, bu nədir?
Oğlu təəccüblə:
- Qarğadır, ata, - deyə cavab verdi.
Yaşlı ata qarğaya baxandan sonra bir də soruşdu:
- Oğlum, bu nədir?
Oğlu yenə təəccüblə:
- Qarğadır, ata, - deyə cavab verdi.
Qarğa hələ də pəncərənin qarşısında idi. Gülməli hərəkətlərlə başını sağa-sola çevirir, ancaq yerindən tərpənmirdi. Yaşlı ata üçüncü dəfə oğlundan soruşdu:
- Oğlum, bu nədir?
Oğlu bu dəfə:
- Qarğadır, ata. Artıq üçüncü dəfədir ki, soruşursan. Yoxsa, məni eşitmirsən? - deyə cavab verdi.
Yaşlı ata eyni sualı dördüncü dəfə verəndə oğlu dözmədi və yüksək səslə:
- Ata, niyə belə edirsən? Niyə eyni şeyi dördüncü dəfədir ki, soruşursan. Yoxsa, mənim səbrimi yoxlayırsan? - dedi.
Atası üzündə təbəssüm yerindən qalxdı. Yan otağa keçərək, əlində bir dəftər qayıtdı. Bu, xatirə dəftəri idi. Oturdu, səhifələri vərəqlədi, axtardığını tapandan sonra oğluna uzatdı və: “Al, oxu”, - dedi.
Dəftərdə bu sözlər yazılmışdı: “3 yaşlı oğlumla qonaq otağında oturmuşduq. Bu vaxt pəncərənin qarşısına bir qarğa qondu. Oğlum düz 23 dəfə onun nə olduğunu soruşdu. Mən də düz 23 dəfə onun qarğa olduğunu dedim. Üstəlik, bundan heç yorulmadım. Əksinə, məsum bir şəkildə suallarını təkrar etdikcə onu daha çox sevməyə başladım”...
Bir vaxtlar biz onların uşaqları idik, ancaq indi onlar bizim “uşaqlarımızdır”. Elə isə düşünün, eyni sevgini, eyni səbri biz də onlara göstərə bilirikmi? Ya da sualımızı belə qoyaq: eyni sevgini, eyni səbri biz də onlara göstərməli deyilikmi? Söz sizindir...
Murad Məmmədov