2020-ci ilin martında ABŞ-ın Nyu-York Cənub Dairə Federal Məhkəməsi Maduro və bir neçə yüksək səviyyəli Venesuela rəsmisi ilə bağlı narkotik ticarəti və “narco-terrorism” ittihamları irəli sürmüşdü. Bu ittiham aktı öncə qapalı idi, yəni ictimaiyyət üçün açıqlanmamışdı. Akt mətbuata elan olunduqdan sonra bəlli oldu ki, Maduro da daxil olmaqla bir neçə yüksək səviyyəli Venesuela rəsmisinin adı məhkəmə sənədlərində yer alır. Hüquqi baxımdan bu sənədlər yalnız ABŞ daxili hüququ çərçivəsində qüvvəyə malikdir və başqa dövlətin başçısının həbsinə beynəlxalq sanksiya yaratmır.
ABŞ faktiki olaraq Maduronu həbs edib və onu gətirib ABŞ təcridxanalarına salıb. Bu, beynəlxalq hüquq baxımından olduqca mübahisəli və nadir örnəkdir. Beynəlxalq hüquqa görə, vəzifədə olan dövlət başçıları toxunulmazdır, hərçənd bu toxunulmazlıq yalnız rəsmi vəzifə fəaliyyətləri ilə bağlı hallara şamil olunur. ABŞ isə Maduronun həbsini “toxunulmazlıq istisnası” prinsipi üzərində qurur. Ağ ev sözçüləri iddia edirlər ki, narkotik ticarəti və transmilli cinayətlər rəsmi dövlət fəaliyyətlərinə daxil deyil. Bu arqument BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin “Arrest Warrant Case” (DRC v. Belgium, 2002) qərarına söykənir. Amma burada əsas problem odur ki, Maduro fəaliyyətdə olan prezident idi və ABŞ tanımasa belə, beynəlxalq konsensus onun toxunulmazlığını qəbul edirdi.
1989-1990-cı illərdə Panamanın sabiq prezidenti Manuel Norieqa ABŞ tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış və narkotik ticarəti ilə bağlı ittiham edilərək ABŞ-da məhkəməyə gətirilmişdi. Bu nümunə hazırda Maduro işi ilə müqayisə edilərkən tez-tez çəkilir, lakin Maduro hələ də aktiv prezident olduğundan vəziyyət daha mürəkkəbdir. Bütün hallarda bir neçə ay sonra “Maduro işi” onun özündən və ailə üzvlərindən başqa çoxları üçün ciddi həyəcan yaratmaya bilər, amma beynəlxalq hüquq ABŞ-ın səyləri ilə yeni presedentlər qazana bilər.
Məsələyə geosiyasi baxımdan yanaşsaq, Maduronun həbsinin hədəfi heç də və yaxud yalnız hüquqi deyil. Açıq desək, ABŞ qitədəki Rusiyameyilli hakimiyyətlərin təsirini zəiflətmək və regional müttəfiq mövqelərini gücləndirmək niyyətindədir. Rusiya isə uzun illərdir Maduro hökuməti ilə siyasi, hərbi və enerji sahəsində sıx əməkdaşlıq qurmuşdu. ABŞ tərəfindən Maduronun nəzarət altına alınması Venesuelada ABŞ-ın “dost rejim” qurmasına imkan verir və bu, Rusiyanın regional təsirini əhəmiyyətli dərəcədə azaldır.
Rusiya Venesueladakı təsirini iqtisadi, siyasi və hərbi kanallarla qurmuşdu. Enerji sahəsində Rosneft və digər şirkətlər vasitəsilə böyük sərmayələr qoymuş, Maduro hökumətinə milyardlarla dollar kredit və maliyyə yardımı göstərərək ölkəni Rusiyaya qarşı müəyyən dərəcədə asılı vəziyyətə gətirmişdi. Siyasi baxımdan Rusiya Maduro rejimini beynəlxalq səviyyədə müdafiə edir, ABŞ və Qərb ölkələrinin sanksiyalarına qarşı çıxırdı. Hərbi sahədə isə radar sistemləri, pilotsuz uçuş aparatları və hərbi təlimçilər göndərərək Karib dənizi və Atlantik sahilində strateji mövqeyini gücləndirmişdi.
Lakin bu təsir hazırda sürətlə zəifləyir. ABŞ tərəfindən Maduronun nəzarət altına alınması Rusiyanın siyasi və strateji mövqeyini sarsıdır. ABŞ və müttəfiqlərinin sanksiyaları, Venesueladakı iqtisadi böhran və Rusiya maliyyə resurslarının məhdudluğu Moskvanın təsirini daha da zəiflədir. Hərbi baxımdan isə ABŞ-ın kəşfiyyat və hərbi imkanları Rusiyanın mövqelərinə təzyiq göstərir və ABŞ-ın müttəfiqləri regionda daha aktiv siyasət yürüdür, bu da Moskvanın hərbi-strateji manevr imkanlarını azaldır.