AZ

Maduro əməliyyatı yeni dünya nizamının dönüş nöqtəsidir - Bundan belə qayda yoxdur, güc var

Türkiyəli tanınmış hərbi-strateji analitik Abdullah Ağar Venesuelada baş verən və dünya siyasətində dərin rezonans doğuran "liderin zorla kənarlaşdırılması" əməliyyatı ilə bağlı geniş analitik yazı hazırlayıb.

Olaylar.az Müsavat.com-a  istinadən  xəbər  verir  ki, müəllif bu hadisəni təkcə ABŞ-Venesuela qarşıdurması kimi deyil, qlobal güc balansını dəyişdirə biləcək, beynəlxalq sistemi yeni və son dərəcə təhlükəli mərhələyə aparan proses kimi qiymətləndirir.

Həmin yazını Azərbaycan oxucusu üçün uyğunlaşdırılmış formada təqdim edirik.

Venesuelada baş verənlər nə narkotik məsələsi ilə, nə də Vaşinqtonun iddia etdiyi kimi yalnız "avtoritar idarəçilik" problemi ilə izah oluna bilər.

Abdullah Ağarın qənaətinə görə, ABŞ ilə Venesuela arasında yaşanan qarşıdurmanın kökündə daha dərin və strateji faktorlar dayanır. Bu mübarizə enerji resursları, xüsusilə neft üzərində nəzarət, qızıl və digər qiymətli mədənlərin dövriyyəsi, hakimiyyətin legitimliyi uğrunda savaş və qlobal güc rəqabətinin tərkib hissəsidir. Hadisə öz miqyası və geosiyasi çəkisi baxımından regional çərçivəni çoxdan aşaraq beynəlxalq sistemin özəyinə toxunub.

Analitik Venesuela geosiyasətinin maraqlı şəkildə Ukrayna modelini xatırlatdığını vurğulayır. Ukraynada NATO ilə Rusiya arasında hərbi cəbhə üzərində açıq qarşıdurma gedirsə, Venesuelada bu mübarizə ABŞ ilə Rusiya-Çin oxu arasında enerji axınları, mədən ticarəti, iqtisadi təsir və siyasi nəzarət üzərindən aparılıb. Lakin indi proses keyfiyyətcə yeni mərhələyə - birbaşa hərbi-xüsusi müdaxilə səviyyəsinə yüksəlib. Məhz bu məqamda dünya siyasəti təhlükəli bir qlobal həddə, yəni geri dönüşü çətin olan mərhələyə daxil olur.

Donald Trampın birbaşa açıqlamalarını əsas götürən Abdullah Ağar baş verənləri beynəlxalq terminologiyada "Zorla lider transferi" (Forced Regime Extraction) kimi xarakterizə edir. Türk siyasi dilində bu anlayış daha sərt şəkildə "adam qaldırma" kimi ifadə olunur. Burada söhbət sadəcə bir siyasətçinin saxlanılmasından getmir. Əgər Venesuelanın prezidenti Nikolas Maduro xarici dövlətin xüsusi hərbi əməliyyatı nəticəsində ölkədən çıxarılıbsa, bu, bir dövlətin icraedici hakimiyyətinin faktiki olaraq başqa bir dövlət tərəfindən ələ keçirilməsi deməkdir. Bu isə artıq açıq suverenlik pozuntusu və rejimin faktiki ləğvi anlamını daşıyır.

Ağar mümkün ssenariləri sadalayarkən hadisənin hansı mexanizmlə baş verdiyinin hələ də tam aydın olmadığını bildirir. Maduro ilə ABŞ arasında gizli razılaşma olub-olmaması, ona şəxsi təhlükəsizlik qarşılığında təslim olma şərti təklif edilib-edilməməsi, Venesuela daxilindən satqınlıq və ya daxili dəstəyin mövcudluğu, əməliyyatda ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin - Delta Force, Navy SEAL və DEA-nın (Drug Enforcement Administration - ABŞ Narkotiklərlə Mübarizə İdarəsi) iştirak edib-etməməsi sual olaraq qalır. Lakin müəllifə görə, hansı variant doğru olursa-olsun, nəticə dəyişmir: Venesuela dövlətinin komanda-idarəetmə nüvəsi ciddi zərbə alıb.

Əgər Maduro razılaşma olmadan kənarlaşdırılıbsa, ölkədə son dərəcə təhlükəli mənzərə yaranır. Ordu mövcuddur, lakin ali siyasi mərkəz yoxdur. Dövlət strukturları fəaliyyət göstərir, amma legitim dayaq itib. Qanunlar qalır, lakin onları icra edəcək siyasi iradə zəifləyir. Bu vəziyyət dərin siyasi xaos, çevrilişlər, üsyanlar, parçalanma və hətta vətəndaş müharibəsi risklərini qaçılmaz edir. Venesuela artıq işğal olunmamış, lakin faktiki olaraq devletsizləşdirilmiş məkana çevrilə bilər.

Analitik xüsusi olaraq "colectivos" adlanan paramilitar qruplara diqqət çəkir. Bu silahlı, ideoloji və küçə əsaslı strukturlar Uqo Çaves dövründə yaranıb, Nikolas Maduro dövründə isə institusional xarakter alıb. Rəsmi statusları olmasa da, faktiki olaraq hakimiyyətə bağlıdırlar. Mərkəzi hakimiyyət zəiflədikdə bu qruplar yerli hərbi-siyasi güc mərkəzlərinə çevrilə, ölkə daxilində parçalanmanı daha da dərinləşdirə bilər.

Mərkəz çökmüşsə, qərarverici nüvə qoparılmışsa; resurslar, strateji obyektlər, güc yığnağı - neft yataqları, limanlar, silah anbarları, kazarmalar və bazalar paylaşmaya düşmə riski yaradar. Səhrada talan və çapul mədəniyyəti bu dəfə Latın Amerikada inkişaf edər. Bu da Venesuelanı Latın Amerikanın Liviyası, İraqı, Suriyası etmə riski doğurar.

Abdullah Ağara görə, ABŞ-ın bu əməliyyatdan gözlədiyi mümkün qazanc rəqiblərə gözdağı vermək, qlobal güc nümayiş etdirmək, daxili auditoriyaya MAGA mesajı ötürmək, neft bazarlarında psixoloji üstünlük qazanmaq və Venesuelanın resursları üzərində nəzarəti gücləndirməkdir. Lakin risklər qazancdan qat-qat böyükdür. ABŞ-ın "qayda əsaslı dünya nizamı" iddiası faktiki olaraq çökmək təhlükəsi ilə üz-üzə qalır, ölkə beynəlxalq şüurda "rejim oğurlayan güc" kimi kodlana bilər, Latın Amerikasında anti-Amerika dalğası güclənər, Rusiya və Çin yeni qarşı addımlar ata, qlobal bloklaşma daha sərt xarakter ala bilər.

Ən diqqətçəkən məqamlardan biri də mediaya servis edilən fotolarda DEA detalının qabardılmasıdır. Ağar bunun təsadüfi olmadığını vurğulayır. ABŞ uzun müddətdir Maduro rejimini "narco-state", yəni narkotik dövlət kimi təqdim etməyə çalışır. Bu yolla siyasi lideri dövlət başçısı statusundan çıxarıb cinayətkar fiqur səviyyəsinə endirmək, hərbi əməliyyatı isə müharibə yox, "adli-hüquqi əməliyyat" kimi qələmə vermək məqsədi güdür. Bu, klassik müharibə deyil, kriminallaşdırma üzərindən legitimliyi məhv etmə strategiyasıdır.

Müəllif yekunda son dərəcə sərt və düşündürücü nəticəyə gəlir: ABŞ artıq nə mənəvi üstünlük, nə də qayda əsaslı beynəlxalq sistem axtarışındadır. Dünya "artıq qayda yoxdur, güc var" mərhələsinə daxil olur. Bu mərhələ isə Venesuela üçün deyil, bütün beynəlxalq sistem üçün təhlükəli qlobal hədd, yəni geri dönüşü çətin olan tarixi dönüş nöqtəsidir.

Ən sonda isə Abdullah Ağar yazır:

"Bu müdaxilə ABŞ tarixində Monroe Doktrinasının yeni mərhələsi kimi də oxuna bilər:

1823 - Avropanı Amerikadan uzaq tutmaq,

1904 - Latın Amerikası üzərində nəzarət,

2025 - DEA maskası ilə lider devşirmək və rejim sındırmaq.

Bu, ABŞ üçün qısamüddətli güc nümayişi ola bilər. Amma uzunmüddətli nəticəsi qlobal sistem üçün daha çox xaos, daha çox güvənsizlik və daha çox qarşıdurma olacaq.

Düyünü kəsmək sistemi düzəltmir. Əksinə, onu nəzarətsiz alt-düyünlərə parçalayır.

Məqalə Abdullah Ağarın analitik yazısı əsasında hazırlanıb.

Yazının orijinalı üçün bax: https://x.com/abdullahagar2/status/2007481353739137197?s=46

Abdullah AĞAR, Türkiyə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
59
50
olaylar.az

10Mənbələr